Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq “Pravo” nəşrinə müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. Lent.az-ın məlumatına görə, o, düzgün məlumatlandırılmadığı üçün bu faciəni “şüurlu surətdə planlaşdırılmış qətl” adlandırdığını etiraf edib.
Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan K.Şvartsenberq deyib: “Onunla çoxdan tanışıq. Dediklərimlə bağlı ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün Yerevanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda “Şübhəsiz, Çexiya insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir” demişəm. Müharibə dövründə, Dağlıq Qarabağda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını təmsil edirdim. Yerevan-Bakı-Stepanakert (Xankəndi) arasında uçurdum, bu, dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600-dən çox idi, bu isə ayrı bir şeydir. Birinci və ikinci dünya müharibələri ilə müqayisədə həlak olmuş əsgərlərin sayı xeyli az olub. Düşünürdüm ki, hər hansı bir atəşə tutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu, baş verir. Amma onların sayının 600-dən çox olduğunu biləndə, hiss etdim ki, məsələ tamamilə başqa cürdür, bu, düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o, məni başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu mənim səhvim idi, boynuma alıram”.
Şvartsenberq bildirib ki, Azərbaycanın xarici işlər naziri onun üzrxahlığını qəbul edib.