Cəmil Həsənli Bakı Dövlət Universitetindən çıxarılıb
02 dekabr 2013 14:19 (UTC +04:00)

Cəmil Həsənli Bakı Dövlət Universitetindən çıxarılıb

Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. O, “Media forum” saytına bildirib ki, sentyabr ayından universitetə getmir: “2011-ci ildə könüllü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim.

 

Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı isə dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm.

 

Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. İndi bu imkandan məhrum edilməyimə təəssüflənirəm”.

 

Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması və seçki dövründəki fəaliyyəti ilə bağlıdır.

 

Cəmil Həsənli 1975-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, daha sonra bu elm ocağının aspiranturasında təhsil alıb. 1980-ci ildən başlayaraq BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 20-dən çox kitabın müəllifidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar