Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkə parlamentinin iki üzvünün Azərbaycanın işğal altındakı ərazilərinə səfərinə münasibət bildirib. Səfirlikdən APA-ya bildiriblər ki, bu, erməni tərəfinin təşkil etdiyi şəxsi səfər olub: “Tərəflər bir sıra görüşlər, o cümlədən “Dağlıq Qarabağın rəhbərliyi” deyilən şəxslərlə görüş keçiriblər. Britaniya parlamentinin üzvləri istədikləri adamlarla görüşə bilərlər, lakin onlar Böyük Britaniya hökumətini təmsil etmirlər və “Dağlıq Qarabağ rəhbərliyi” ilə görüş faktı Birləşmiş Krallığın Qarabağ münaqişəsinə dair mövqeyinin dəyişməsi demək deyil. Böyük Britaniya hökuməti Dağlıq Qarabağın de-fakto “hakimiyyət”ini və onların müstəqillik bəyannaməsini tanımır. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəkləyir. Biz Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanan danışıqlar yolu ilə münaqişənin həlli prosesini sürətləndirməyə çağırırıq”.
Xatırladaq ki, Böyük Britaniya İcmalar Palatasının Ermənistanla parlamentlərarası dostluq qrupunun üzvləri Stiven Paund və Con Uitinqdeyl sentyabrın 18-də Dağlıq Qarabağa səfər ediblər.