Prezident İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul edib. Lent.az-ın məlumatına görə, Belarusun xarici işlər naziri ölkəmizə səfəri zamanı Bakıda çox böyük inkişafın şahidi olduğunu deyib. Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib. Bakıya səfərinin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Belarus prezidentinin məktubuna görə minnətdarlığını bildirib, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş edib.
Dövlət başçısı bu gün həmçinin, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı da qəbul edib.