Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun Lent.az-a verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ə. Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bu münaqişə ölkəmizin ən ciddi problemidir: “Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib. Həmçinin işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilib. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalıb”. Ə Həsənov qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 180 min qaçqın və məcburi köçkün yerləşdirilib. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Komitə sədri deyib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
F. Lefort is bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən qonaq qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür.