Baş nazirin müavini: ”Prezident münaqişənin həllinə nail olacaq”
23 avqust 2013 13:29 (UTC +04:00)

Baş nazirin müavini: ”Prezident münaqişənin həllinə nail olacaq”

“Köçəryan-Sarkisyan rejimi yaxşı bilir ki, Qarabağ probleminin həllində hansısa müsbət addım atılarsa, bu onların hakimiyyətinin sonu olar”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, Ermənistan müstəqil olmayanadək, onun himayədarları tərəfindən işğal faktı uzadılacaq: “Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər və hakimiyyətlərini də bu münaqişənin üzərində saxlayırlar”.

 

Ə. Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlamasına da şərh verib: “Hesab edirəm ki, Sarkisyan əksinə, İlham Əliyev kartından istifadə edərək, ermənilərin etimadını qazanmaq istəyir. Çünki erməni xalqı da, siyasətçiləri də İlham Əliyevin son illər gördüyü işləri artıq dilə gətirilər, qiymətləndirirlər, öz hakimiyyətlərinə qarşı istifadə edirlər. Onlar deyirlər ki, nə üçün Azərbaycanın inkişafı qarşılığında, Ermənistan geriləyir?”.

 

Komitə sədri deyib ki, münaqişənin həllində ədalətsizlik hökm sürür və davam edir: “Çox maraqlı haldır ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur, dəstəklənir. Ermənistanı narahat edən yoxdur. Ancaq dünya təşkilatlarının verdiyi qərarları icra edən, öz xalqının mənafeyi üçün çalışan, ölkəsinin güzəranını günü-gündən yaxşılaşdıran dövlət və prezidentə isə bu dəstək verilmir. Yəni işğalçı dəstəklənir, işğala məruz qalana isə kömək edilmir. Dünyanın bu cür ədalətsizliklərini görürük”.

 

Baş nazirin müavini Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini də müsbət xarakterizə edib: “Rusiya prezidentinin Azərbaycan prezidentinin, dövlətinin gördüyü işləri yüksək qiymətləndirməsi müsbət haldır. Bilirsiniz, ümummilli lider Heydər Əliyev demişdi ki, bu münaqişənin həlli açarı Rusiyanın əlindədir. Hesab edirik ki, bu gün də belədir. Güman və ümid edirik ki, Vladimir Putin Azərbaycandakı inkişafı, burada rus xalqına olan müsbət münasibəti, bütövlükdə Azərbaycan xalqının Rusiyaya münasibətini  gördükdən sonra müəyyən dəyişikliklər baş verəcək və bu münaqişənin həlli aktivləşəcək, nəhayət bizim problemimizin həlli istiqamətinə yönəldiləcək. Biz birmənalı bilirik ki, bu problemi həll etsə ölkənin prezidenti həll edəcək. Hesab edirik ki, prezident Azərbaycanın inkişafına necə nail oldusa, münaqişənin həllinə də mütləq nail olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar