Bakıda 1-5 iyul tarixlərində NISA-nın (NATO International School of Azerbaijan – NATO Azərbaycan Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilki yay sessiyası NİSA-nın fəaliyyətinin 10 illiyinə təsadüf edir və “2014-cü ildən sonra Əfqanıstan” mövzusuna həsr olunacaq.
NATO-nun Əfqanıstandakı qüvvələri (İSAF) 2014-cü ilin sonunadək bu ölkədən tədricən çıxarılacaq və Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin qorunmasını öz üzərinə götürəcək. Yay sessiyasının məqsədi Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlərə, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlara, regional və beynəlxalq əməkdaşlıq strategiyalarına dair fikir mübadiləsi aparmaqdır. Tədbirə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim qatılacaq. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edəcək.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO-ya üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə onların həlli yollarının araşdırılmasından ibarətdir.