Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunlar Hollandiyanın Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya Əyaləti Azərbaycanlılar İttifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi Rotterdam şəhərində baş tutub. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları iştirakçılara təqdim edib, onların rəhbərlərini və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində uğurlar arzuladıqdan sonra tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.
Konsertdə Azərbaycanın incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova soydaşlarımız qarşısında çıxış edib. Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi sıralarını genişləndirməkdə davam edir. Yaxın vaxtlarda daha üç əyalətdə soydaşlarımızı birləşdirən yeni təşkilatların yaradılması planlaşdırılır.