Son vaxtlar Suriyadan qaçan erməni ailələrin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməsi məsələsi ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında qaldırılacaq.
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi BMT-yə bununla bağlı məktub ünvanlayıb və bu məsələ ATƏT PA-da ciddi formada qaldırılacaq: “Çünki bir ölkədəki gərgin humanitar fəlakəti başqa regiona daşımaq düzgün deyil. İşğal olunmuş ərazilərə bu qeyri-qanuni köçürmələr beynəlxalq prinsiplərə və konvensiyalara ziddir. Bu ATƏT-in özünün keçirdiyi fakt-araşdırıcı missiya tərəfindən də təsdiq olunub. Bu, hətta ATƏT PA-nın buraxdığı nəşrlərdə də öz əksini tapıb. Bu nəşrlərdə konkret Azərbaycanın işğal altında olan ərazilərinə konkret nə qədər suriyalı erməninin köçürülməsi ilə bağlı rəqəmlər var. Biz elə qurumun özünün də təsdiq etdiyi bu faktları qaldıracağıq və Ermənistandan tələb olunacaq ki, bu qeyri-qanuni addımları dayandırsın”.