Azərbaycanlı deputat AŞNK-nin sədrinə Ermənistanın AES-i ilə bağlı sual verib
07 aprel 2014 20:08 (UTC +04:00)

Azərbaycanlı deputat AŞNK-nin sədrinə Ermənistanın AES-i ilə bağlı sual verib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən (AŞNK) Avstriya dövlətinin xarici işlər naziri Sebastyan Kurts Assambleya üzvləri qarşısında çıxış edərək, AŞNK-nin fəaliyyəti barədə məruzəsini edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, S.Kurts əsasən Ukrayna-Rusiya münasibətlərindən danışıb, AŞNK-nın bu böhranın aradan qaldırılması istiqamətində qurumun fəaliyyəti, gördüyü işlər və qəbul etdiyi sənədlər haqda məlumat verib. O, Ukrayna böhranından çıxmaqla bağlı Avropa Şurasının yardımının çox əhəmiyyətli olduğunu, bu istiqamətdə qurumun xüsusi işçi qrupunun yarandığını da söyləyib. Avstriyalı nazir ilə bağlı beynəlxalq təmas qrupunun yaradılmasını və tez bir zamanda Ukraynanın yeni Konstitusiya qəbul etməsini tövsiyə edib.

 

Daha sonra S.Kurts Assambleya üzvlərinin müxtəlif suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov avstriyalı nazirə sual verərək, Ermənistandakı Metsamor AES-in fəaliyyətinə toxunub: “Cənab nazir, 2001-ci ildən bəri dəfələrlə Assambleyada Ermənistandakı tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik, seysmoaktiv zonada yerləşən “Metsamor” AES-in fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb. Şəxsən mən bu real təhlükə ilə əlaqədar bir neçə dəfə ayrıca sənədlər hazırlayıb, çıxışlar etmişəm. Hələ ki, heç bir nəticə yoxdur. Bölgədə zəlzələlərin son dövrlərdə artması fonunda “Metsamor”da dəhşətli qəzanın baş verməsi ehtimalı, mütəxəssislərin fikrincə, qaçılmazdır. Qəzanın baş verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan, Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində milyonlarla insan da bu  nüvə faciəsinin qurbanına çevriləcəklər. Bu qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı qəti və komkret tədbirlər görülə bilər?”

 

Azərbaycanlı millət vəkilinin sualına cavab verən avstriyalı nazir AŞNK-nın nüvə enerjisi məsələləri ilə məşğul olmadığını qeyd edib: “Ona görə də mən sizin bu sualınıza Avstriyanın xarici işlər naziri kimi cavab verəcəyəm. Bizim hamımızın təhlükəsiz şəraitdə yaşama hüququmuz var. Son dövrlər baş verən hadisələrdən sonra hamımız üçün aydın oldu ki, nüvə mərkəzləri heç də təhlükəsiz deyil. Ona görə də mən sizin bu narahatlığınızı anlayıram. Misal üçün, uzun illərdir biz öz ölkəmizdə nüvə mərkəzlərini bağlamaq qərarına gəlmişik və qonşuluğumuzdakı nüvə mərkəzlərindəki təhlükəsizlik qaydaları bizi də narahat edən məsələlərdəndir. Biz indi daha çox yeni enerji vasitələrinə üstünlük veririk. Ümid edirik ki, gələcəkdə Avropada ümumiyyətlə nüvə enerjisindən istifadə edilməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar