Bu il Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir.
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev deyib.
Qazaxıstanlı diplomat bildirib ki, hazırda Azərbaycan prezidentinin səfərinə hazırlıq görülür.
“Azərbaycanla Qazaxıstan arasındakı əlaqələr dinamik inkişaf edir. Bunu mütamadi qarşılıqlı səfərlər təsdiq edir. Bu il həmçinin Qazaxıstan xarici işlər naziri Erlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır. Fevralın 20-də isə Qazaxıstan Milli Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya gələcəyi gözlənilir”, - deyə o vurğulayıb.
A.Jumabayev həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb. Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsinin bir milyard dollara çatdırılmasının planlaşdırıldığını deyən səfir hazırda müvafiq göstəricinin 400 milyon dollara yaxın olduğunu bildirərək bunun mövcud potensiala cavab vermədiyini vurğulayıb.