Azərbaycanın beynəlxalq tanımına töhfə
03 iyul 2013 13:20 (UTC +04:00)

Azərbaycanın beynəlxalq tanımına töhfə

Azərbaycan gerçəkliklərinin dünya birliyinə tanınması, obyektiv rəyin formalaşmasına istiqamətlənən nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkanda yerləşdiyindən burada qədim mədəniyyətlər öz izini salıb. Məhz bu tarixi özündə ehtiva edən Fond Azərbaycanın zəngin incəsənət, mədəniyyət tarixini dünya ictimaiyyətinə təqdim edir, bariz göstəricilərini ortaya qoyur.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr tarixi şəxsiyyət ümummilli liderin gələcək nəslə ərmağan olan irsinin, siyasi fəaliyyətinin əbədi yaşamasını təmin etməklə milli mənəvi dəyərlərimizin təbliğində də misilsiz rola malikdir. Heydər Əliyev Fondunun xətti ilə respublikamızdan kənarda və ölkə daxilində həyata keçirilən tədbirlər Azərbaycanın dünya miqyasında tanınması, milli mənəvi sərvətlərimizin təbliği istiqamətində görülən əhəmiyyətli layihələr olmaqla xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir.

Fond fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri–hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 10 il ərzində fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli–mədəni müxtəlifliyin, habelə, uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı–seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır. Fondun təşəbbüsü ilə hər il dünyanın 100-dən artıq nöqtəsində Xocalı soyqırımı qurbanlarının anma mərasimi təşkil olunur, Azərbaycanın ədalətsiz şəkildə cəlb olunduğu münaqişənin fəlakətləri haqqında məlumatlar paylaşılır.

Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Bunula da Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmadığının əyani sübutudur. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilib. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Bundan başqa, Fond nəinki ölkəmizdə, hətta xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını da əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Bu baxımdan, 2009-cu ildə Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin tarixi şüşələrinin bərpası ilə əlaqədar həyata keçirilmiş 1,5 milyon avroluq layihəni xüsusi qeyd etmək olar. Fondun maliyyə yardımı Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfə, həmçinin Azərbaycanın humanist, mədəni qayğıkeş və mədəniyyət hamisi bir ölkə qiymətləndirilməsinə gətirib çıxarır.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin sırasına "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti"sərgisinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Dünyanın qədim mədəniyyət mərkəzlərində nümayiş olunan bu sərgi Azərbaycanın zəngin, əsrarəngiz, tarixi incəsənəti haqqında dolğun məlumatların çatdırılmasına imkan yaradır. Həmçinin Fondun ən böyük layihələrindən olan 2009-cu ildən başlayaraq hər il yay aylarında təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı beynəlxalq miqyasda böyük marağa səbəb olur. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyini göstərir.

Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş, təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılmışdır.

Fondun həyata keçirdiyi bu və ya digər əhəmiyyətli layihələr dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur. Dünyanın nüfuzlu mətbu orqanlarının fondun reallaşdırdığı layihələrlə bağlı əks-səda doğuran məqalələri, həqiqətən də, Fondun fəaliyyətinin izlənildiyini, diqqətədən kənarda qalmadığını göstərir. Əldə olunmuş nailiyyətlər isə məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Forumun təşkilatçılığı və səmərəli əlaqələri, dövlətlərarası formalaşmış sıx əməkdaşlıq Azərbaycanın nüfuzunun daha da artmasına yönəlib və buna nail olmaqdadır.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372
avatar

Oxşar yazılar