Azərbaycan və Təbriz Tibb universitetləri arasında protokol yenilənib
17 aprel 2014 21:14 (UTC +04:00)

Azərbaycan və Təbriz Tibb universitetləri arasında protokol yenilənib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) İran İslam Respublikasının Təbriz Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib.

 

Universitetin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Təbriz Tibb Universitetinin rektoru Məhəmmədhüseyn Sumi, İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin və Tehranın səhiyyə sahəsində digər tanınmış mütəxəssisləri iştirak ediblər.

 

Görüş zamanı rektor, millət vəkili Əhliman Əmiraslanov ATU-nun Təbriz Tibb Universiteti ilə sıx əməkdaşlığının olduğunu xatırladaraq münasibətlərin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “İran İslam Respublikasının bütün ali məktəbləri, ümumiyyətlə səhiyyə sistemi ilə əlaqələrimiz genişdir. Lakin Təbriz Tibb Universiteti ilə münasibətlərimiz daha yaxındır. İndiyə kimi dəfələrlə qarşılıqlı səfərlərimiz olub. Universitet Azərbaycan üçün həkim, əczaçı, stomatoloq hazırlayan yeganə tibbi müəssisədir. Universitetimizə ildə 1000 nəfərə yaxın tələbə qəbulu aparılır. Xarici ölkələrdən də Tibb Universitetinə axın var, maraq çox böyükdür. Hətta müraciət edənlərin hamısını qəbul edə bilmirik. İrandan hazırda universitetimizdə 300-dən çox tələbə təhsil alır”.

 

Təbriz Universitetinin rektoru Məhəmmədhüseyn Sumi də münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib. O, Təbriz Tibb Universiteti ilə ATU arasında protokolun yenilənməsinə ehtiyac olması fikri ilə razılaşdığını söyləyib. Rektor Sumi rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə əlaqədar məlumat verib, Azərbaycanla yanaşı, digər ölkələrin universitetləri ilə əlaqələrin gücləndiriləcəyini bildirib.

 

Sonda Azərbaycan Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında sazişin yenidən imzalanması mərasimi baş tutub. Sənəd iki universitet arasında mütəxəssislərin və tələbələrin mübadiləsi, birgə konfrans və simpoziumların keçirilməsi, ixtisasartırma kurslarının təşkili və digər birgə fəaliyyəti nəzərdə tutur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar