“Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir”.
APA-nın Brüsselə ezam olunmuş Avropa müxbirinin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeylə keçirdiyi birgə mətbuat konfransında deyib. O xatırladıb ki, Azərbaycan və AB arasında əməkdaşlıq “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam etdirilir.
İ. Əliyev insan haqları sahəsi də daxil olmaqla, Azərbaycanın inkişafına dəstək verən Avropa institutlarına minnətdarlıq edib: “Bu dəstək yüksək dünya standartlarına uyğun islahatlar keçirilməsində Azərbaycana kömək edir”.
Azərbaycan prezidenti görüş zamanı Azərbaycan və Avropa Birliyi arasında müxtəlif sahələrdə əməkdaşlığın, enerji layihələrinin və Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğunu söyləyib.