Azərbaycan Ombudsmanı: ”Aureliya Qriqorinin hüquqları kobud şəkildə pozulub”
08 iyul 2013 10:33 (UTC +04:00)

Azərbaycan Ombudsmanı: ”Aureliya Qriqorinin hüquqları kobud şəkildə pozulub”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanat verib.


 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəyanatda bildirilib ki, bu günlərdə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyib və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb: “Aureliya Qriqoriunun hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etdi.

 

BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistan Respublikası həmin təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə və digər sənədlərə, o cümlədən, insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərə saymazyana münasibət göstərir.

 

İnsan hüquqları sahəsində ilk fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər kəs hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Həmçinin, Ermənistanın da iştirakçısı olduğu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və hər hansı bir ölkəni tərk etmək hüququ var. Paktın mühüm tələblərindən biri də ondan ibarətdir ki, heç kəs öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

Göründüyü kimi, Ermənistanın müvafiq qurumları tərəfindən Aureliya Qriqoriunun hərəkət etmək azadlığının məhdudlaşdırılması, onun öz ölkəsinə qayıtmasına maneçilik törədilməsi əvvəldə sadalanan beynəlxalq hüquqi aktların kobud şəkildə pozulmasıdır.

 

Eyni zamanda məlum olduğu kimi, harada olmağından asılı olmayaraq, hər kəsin öz fikrini sərbəst şəkildə söyləmək və buna görə təqiblərə məruz qalmamaq əsas insan hüquqlarından biridir. Ermənistanın da iştirakçısı olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Analoji müddəa həm Ümumi Bəyannamədə, həm də Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da təsbit olunub.

Aureliya Qriqoriunun çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsilməsi, söylədiyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır.

Xüsusilə də hazırda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə belə bir hadisənin baş verməsi Ermənistan dövləti tərəfindən beynəlxalq hüququn ümum tanınmış prinsiplərindən olan insan hüquq və azadlıqlarına hörmət prinsipinə əməl edilməməsinin bariz nümunəsi olmaqla, əsas məqsədini insan hüquqlarının müdafiəsi təşkil edən Avropa Şurasının mühüm orqanlarından biri olan Nazirlər Komitəsinə bu ölkənin səmərəli sədrliyini də şübhə altına alır”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili moldovalı həmkarıma qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləyib, beynəlxalq təşkilatları, o cümlədən, bütün həmkarlarımı Ermənistanda Moldova Ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırıb.

 

Bəyanat BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar