Misirdə yaşanan son siyasi hadisələr və 30 iyun tarixində keçirilməsi planlaşdırılan kütləvi nümayişlər ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı təqdirdə şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsi məsləhət görülür.
Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısa müddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur. Hər hansı bir zərurət yarandığı təqdirdə, vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 qaynar xətlər vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.