İyunun 19-da Avropa Parlamentində Avropa İttifaqı və Qara dəniz–Xəzər dənizi Beynəlxalq Fondunun birgə təsis etdikləri mükafatların təntənəli təqdimat mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Avropa İttifaqının müxtəlif institutlarını, NATO, Belçikada akkreditə olunmuş diplomatik korpusları, müxtəlif qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini təmsil edən qonaqlar iştirak edib.
Qara dəniz–Xəzər dənizi Beynəlxalq Fondunun Prezidenti Akkan Suvar çıxış edərək, Fondun yaranma tarixi, fəaliyyəti, əhatə etdiyi sahələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycan Qara dəniz–Xəzər dənizi Beynəlxalq Fondunun beynəlxalq sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoqun təşviqi sahələrində əldə edilmiş tərəqqiyə verdiyi tövhəyə və enerji ehtiyatları sahəsində əsas investisiyalar da daxil olmaqla, yeni strateji regional enerji koridorlarının inkişaf etdirilməsində fəal roluna görə Fondun 2012-ci il üzrə mükafatına layiq görülüb. Azərbaycana verilmiş bu mükafat Avropa İttifaqının məsul əməkdaşı tərəfindən Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərova təqdim edilib.
Fuad İsgəndərov Fondun rəhbərliyinə Azərbaycanın belə mühüm bir nominasiyada mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, eyni zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində atdığı addımlarlardan bəhs edib, ölkəmizin regional əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb. Mərasimdə müxtəlif nominasiyalar üzrə Gürcüstan, Moldova, Monteneqro, Rumıniya və Türkiyə təmsilçilərinə də mukafatlar təqdim edilib.
Qeyd edək ki, Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondu 2009-cu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Baseskunun təşəbbüsü əsasında yaradılmış qeyri-hökumət təşkilatıdır. Fond özündə 19 ölkənin tanınmış siyasətçilərini, elm adamlarını və diplomatlarını cəmləşdirir.