Gəncə şəhərində üçtərəfli görüş keçirən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.
APA-nın qərb bürosunun xəbərinə görə, mətbuat konfransını açıq elan edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi müzakirə olunub.
Bildirilib ki, bu tip görüşlər 2012-ci ildən keçirilir və növbəti görüş bu ilin sonunda Qarsda keçiriləcək. Bundan başqa, üç ölkənin prezidentlərinin də bu formatda görüşməsi üçün işlər aparılır.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.