Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müasir dövrdə Cənubi Qafqazın lider dövləti kimi çıxış edir. Bu isə əsaslı olaraq müəyyən öhdəliklərin yerinə yetirilməsini, qonşu dövlətlərlə düzgün və vəziyyətə uyğun olaraq atılan çevik xarici siyasət xəttinin həyata keçirilməsini tələb edir. Bu baxımdan biz öz siyasi dəsti-xəttimizi elə qururuq ki, daxili müstəqilliyimizin təmini ilə yanaşı, qonşu dövlətlərlə də məqsədyönlü və qarşılıqlı əməkdaşlığa imkan verən əlaqələr yaradılsın. Bu gün qlobal siyasi arenada tanınmaq istəyən və maraqlarının təmininə çalışan dövlət qonşuları və region dövlətləri ilə əlaqələrdən təcrid olunmamalı, qarşılıqlı anlaşmaya, dialoqa əsaslanan siyasət həyata keçirməlidir. Bu şərtlər daxilində düzgün bir xarici siyasətin həyata keçirilməsi Azərbaycanın nüfuzu baxımından çox önəmlidir. Bu tezisi belə bir düsturla ifadə etmək mümkündür: Xarici siyasət = daxili təhlükəsizlik+strateji tərəfdaşlıq+qarşılıqlı əməkdaşlıq.
Azərbaycan şimalda ən böyük əraziyə malik, beynəlxalq güc kimi qəbul olunan, həmçinin regional proseslərin mərkəzində dayanan Rusiya Federasiyası ilə qonşudur. Azərbaycanın Rusiya ilə əlaqələrini xarakterizə edərkən qeyd etmək olar ki, bu əlaqələrin əsası strateji tərəfdaşlığa və qarşılıqlı təsirə dayanır. Rusiya Federasiyası ilə bütün səviyyələrdə tərəfdaşlıq mövcuddur. Bu, hər iki tərəf arasında münasibətlərin bütün kompleksini əhatə edir. İqtisadi sahədə Azərbaycanın tərəfdaş olduğu dövlətlər siyahısında Rusiya əsas yeri tutur. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Bu əlaqələr yalnız dövlətlər səviyyəsində deyil, eyni zamanda regional mərkəzlər arasında da həyata keçirilir. Belə ki, Rusiyanın 70-dən artıq regionunu Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanla Şimali Qafqaz federal dairəsi arasında ticarət dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olub və olmaqdadır. MDB ölkələri ilə ticarət dövriyyəmizin 50 faizdən çoxu Rusiyanın payına düşür.
Siyasi sahədə dövlət başçıları timsalında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur və mütəmadi qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi təsdiqlənməsində BMT TŞ-nın daimi üzvlərindən biri olan Rusiya Federasiyası aktiv dəstək olmuşdur. Son illər ərzində qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq zəminində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlərin həllində qarşılıqlı razılığa, birgə anlaşmaya əsaslanan və hər iki tərəfin xeyrinə olan yolları tapmaq mümkün olmuşdur. Belə ki, Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub , Xəzərin statusu ilə bağlı mövqelərin yaxınlaşması prosesi faktiki olaraq həll olunub. Bu isə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasına təkan verə biləcək mühüm amil ola bilər.
Hərbi-texniki sahədə Azərbaycan-Rusiya əlaqələri isə dövlət başçımızın da vurğuladığı kimi böyük bir inkişaf mərhələsindədir.
Hazırda Azərbaycanda 120 mindən artıq rus yaşayır. Tolerant mühitin bərqərar olduğu respublikamızda ruslar dinini, dilini qoruyub saxlamış, həmçinin ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında tam şəkildə inteqrasiya olunmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır.
Yuxarıda sadalanan amillər Azərbaycan-Rusiya əlaqələrinin sağlam inkişafa dayandığının əsas göstəricilərindəndir. Aprelin 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumunun Bakıda təşkili də digər səviyyələrdə də dayanıqlı əlaqələrin mövcudluğundan xəbər verir. Forum layiqli səviyyədə təşkil olunmuş, Prezident forumun zəruriliyi haqqında iştirakçıları məlumatlandırmış, həmçinin forumun davamlı olması, gələcəkdə də Azərbaycanda təşkilinin mümkünlüyü təklifi ilə çıxış etmişdir. Prezident İlham Əliyevin “Rusiya 24” telekanalına müsahibəsində vurğuladığı kimi, bu gün Azərbaycan-Rusiya münasibətləri çox dinamik, müsbət istiqamətdə inkişaf edir və iki dövlət arasında həlli mümkünsüz məsələlər demək olar ki, yoxdur.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı