Avropa Parlamentində “Azərbaycan Obyektivdə” foto sərgisi
25 iyun 2013 20:17 (UTC +04:00)

Avropa Parlamentində “Azərbaycan Obyektivdə” foto sərgisi

 Avropa Parlamentinin Yehudi Menuhin zalında Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Azərbaycan Obyektivdə” foto sərgisinin açılış mərasimi keçirilib.

 

AAC-dan APA-ya verilən məlumata görə, “Azərbaycanın ruhu Avropanın ürəyi - Brüssel ilə birgə döyünürdü” adı altında keçirilən sərgi Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin deputatları, siyasətçilər, ictimai xadimlər və diplomatların böyük marağına səbəb olub.

 

Sərgidə müasir Azərbaycanın, mədəniyyəti, təbiəti, etnoqrafiyası, və memarlığının əks olunduğu fotoşəkillər nümayiş olunub. Əvvəlcə London, Paris və Berlində təşkil olunan sərgilərdə nümayiş olunan bu fotoşəkillər Azərbaycan və dünyanın digər ölkələrindən olan fotoqrafların Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi eyni adlı fotomüsabiqəyə təqdim etdiyi 750 əsərin içindən seçilib.

 

Avropa Parlamentinin Slovakiyadan olan deputatı Katarina Nevedalova sərginin açılış mərasimində giriş nitqində bildirib ki, bu, gözəl və ecazkar  bir ölkə haqqında maraq doğuran bir sərgidir: “Bu yaxınlarda mən Azərbaycanda səfərdə olduğum üçün bu fotoşəkillərlə tanış olduqda sərginin “Azərbaycan çalarları” adlandırılmadığı üçün təəccübləndim. Küçələrdə gəzdikcə, mən bu ölkənin və xalqının rənglərini - çalarlarını duymağa macal tapdım. Sərginin təşkil olunması dostluq və həmrəyliyin tədbiri kimi dəyərləndirilməlidir. Bakıda olarkən mən, fotomüsabiqənin qalibi olmuş “Qoca kişilər”in müəllifi, fotoqraf Asim Taliblə görüşdüm və o, çəkdiyi fotonun Avropa Parlamentində nümayiş olunacağı üçün qürur duyduğunu bildirdi”.

 

Millət vəkili sözünə davam edərək vurğulayıb ki, Azərbaycan füsunkar bir ölkədir: “Bu ölkənin Avropada kifayət qədər tanınmamasına rəğmən, azərbaycanlılar çox müasir və səmimi xarakteri ilə seçilən xalqdır”.

 

Azərbaycanın Belçikadakı səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov bildirib ki, bu mədəniyyət tədbiri bizim ortaq dəyərlərimizi sərgiləyir: “Mən müxtəlif çalarlara, etnik azlıqlara və dinlərə malik bir ölkəni təmsil etməkdən məmnunam. Mən öz ölkəm və onun mədəniyyətlər arasında yaratdığı körpülərlə fəxr edirəm. Bizimlə birgə siz də Azərbaycanın çalarlarından zövq alın”.

 

AAC-ın direktoru Lionel Zetter isə qeyd edib ki, “Azərbaycan obyektivdə” sərgisi təkcə öz ambisiyasına görə deyil, həm də nəticələrinə görə özünəməxsus bir layihədir: “Bu sərgi ilə Azərbaycan necə lazımdısa fəth edilib və Xəzərin sahilində yerləşən bu gözəl ölkə geniş ictimaiyyətə təqdim olunur”. L.Zetterin sözlərinə görə, bu şəkillər Azərbaycan iqliminin və mədəniyyətinin genişliyini sübut edir: “Bununla belə ən çox xiffət hissləri bəxş edən birinci yerin qalibi olan “Qoca kişilər” fotoşəkilidir. Bu şəkil 1985-ci ildə Kəlbəcərdə lentə alınıb. O bu gün çəkilə bilməzdi, çünki sözügedən ərazi indi Ermənistanın işğalı altındadır”.

 

AAC-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna Lionel Zetterin dediklərinə əlavə edərək deyib: “Azərbaycan elə bir ölkədir ki, diqqətini ona yönəltməyə dəyər: “Azərbaycan cəmiyyətinin səmimi və tolerant xarakterli olması, təbiətinin gözəlliyi və xalqının qonaqpərvərliyi bu ölkənin Avropa İttifaqının mükəmməl tərəfdaşı olmasına yetər. Mən fəxr edirəm ki, bu nüfuzlu fotosərgi bir həftə boyunca Avropa Parlamentində nümayiş olunacaq və müsabiqəyə təqdim olunmuş əsərlərin keyfiyyəti sayəsində özünə çoxlu sayda pərəstişkarlar toplayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar