Ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri, səfir Roland Kobianı qəbul edib. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi barədə məlumat verib. Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir R. Kobianın xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb
Ölkəmizdə fəaliyyətdən məmnunluq ifadə edən R.Kobia Avropa İttifaqının Azərbaycanla hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulayıb.