Avropa Azərbaycan Cəmiyyətinin Türkiyə ofisi açıldı
23 may 2013 13:23 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətinin Türkiyə ofisi açıldı

 

İstanbulda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Türkiyə ofisinin açılışı olub.


 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış, iqtisadiyyat nazirinin müavini Mustafa Sever, sabiq daxili işlər naziri İdris Naim Şahin və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən AAC-ın prezidenti Tale Heydərov rəhbərlik etdiyi təşkilatın 5 il əvvəl təsis edildiyini nəzərə çatdırıb. O bildirib ki, AAC-ın əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsi barədə Avropa ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir: “Dağlıq Qarabağ problemini Avropadakı siyasətçilərə anlatmaq istəyirik. Türkiyə-Azərbaycan dostluğunun daha da güclənməsi üçün əlimizdən gələni edəcəyik”.

 

E. Bağış isə çıxışında iki ölkə arasında münasibətlərin hər keçən gün daha da möhkəmləndiyini deyib: “Aramıza fitnə salmaq istəyənlər, Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər oldu. Amma bunlara rəğmən tək vücud, tək yumruq, tək gövdə və beyin olaraq yolumuza davam etdik”.

 

Nazir AAC-ın Türkiyə ofisinin açılışının ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib: “Artıq Brüsseldə müzakirə masasına daha güclü şəkildə əyləşəcəyəm. Çünki Türkiyənin güclü səsi ilə Azərbaycanın güclü səsi Avropada öz təsirini göstərəcək. Bakı Türkiyənin Qafqaza açılan pəncərəsidir. Bakı ilə İstanbul əl-ələ versə, bizim edə bilməyəcəyimiz heç bir şey qalmaz”.

 

1915-ci il hadisələrindən də danışan E. Bağış bu əsassız iddiaların qəbul edilməyəcəyini vurğulayıb: “Dünyanın müxtəlif ölkələrinin parlamentlərində qərarlar qəbul edilərək bizə bu yalanları, ittihamları, iftiraları qəbul etdirəcəklərini düşünürlər. Yüzüncü il deyil, istərsə mininci il olsun, bizə heç bir iftiranı, ittihamı, yalanı qəbul etdirə bilməzlər. Ən son baş nazirimiz Ağ Evə də gərəkli mesajları verdi. Avropada da lazımi mesajları verməkdəyik. Dünya bundan 100 il əvvəl olduğu iddia edilən hadisələri müzakirə etməkdənsə, bu gün olanları müzakirə etsin. Azərbaycanın işğal altında olan torpaqlarını, qaçqınları, Xocalı qətliamını müzakirə etsinlər”.

 

Səfir Faiq Bağırov isə yaxın günlərdə Azərbaycanın müstəqilliyinin 95-ci ildönümünün qeyd olunacağını xatırladıb. AAC-ın Avropada təhsil almış azərbaycanlı tələbələr tərəfindən qurulduğunu deyən səfir, təşkilatın məqsədinin Avropada Azərbaycanı tanıtmaq, Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək olduğunu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar