Bir qrup fəal toplantının təşkil olunduğu binanın qarşısında piket keçirir
Bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayır. APA-nın Kiyevə ezam olunmuş müxbirinin məlumatına görə, hazırda 57 üzv ölkənin, eləcə də tərəfdaş ölkələrin nümayəndə heyətləri toplantının keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzinə gəlməyə davam edir.
Əllərində “Stop dictatorship” (Diktaturanı dayandırın!), “Günahsız həbs olunanları azad edin!” və digər siyasi məzmunlu plakatlar tutmuş bir qrup fəal binanın qarşısında piket keçirir. Hüquq-mühafizə orqanları piketə mane olmur.
Nazirlər Ukraynanın ATƏT-ə builki sədrliyinin nəticələrini, eləcə də gələcək əməkdaşlıq və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, “Helsinki+40” təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzanan münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.
Toplantıda vacib müzakirə mövzularından biri də qanunun aliliyi, əsas hüquq və azadlıqların təmin olunması prinsiplərinin möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, transmilli təhdidlərlə mübarizə olacaq.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək.