ATƏT PA-nın payız sessiyası başladı
14 oktyabr 2013 16:44 (UTC +04:00)

ATƏT PA-nın payız sessiyası başladı

Bu gün Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyasının rəsmi açılışı olub.

 

APA-nın Budvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, toplantının açılışında Monteneqro parlamentinin sədri Ranko Krivokapiç və ölkənin baş naziri Milo Dukanoviç çıxış ediblər. Monteneqro təmsilçiləri ATƏT-in Avropada və dünya miqyasında əhəmiyyətli fəaliyyətindən danışaraq təşkilatın güclənməsi və daha səmərəli işləyə bilməsi üçün bu qurumu üzv ölkələrlə daha sıx əməkdaşlığa çağırıblar.

 

Sessiyanın bugünkü plenar iclasında ATƏT məkanında terrorçuluqla mübarizə, transmilli təhlükələr və insan hüquqlarının qorunması, Suriyada baş verən hadisələr, iqtisadi böhran zamanı iqtisadiyyatın təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi kimi məsələlər müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Rəbiyyət Aslanova və Azay Quliyev də çıxış ediblər. Terrorçuluqla beynəlxalq səviyyədə mübarizənin vacibliyinə toxunan R. Aslanova Azərbaycanın da bu sahədə beynəlxalq koalisiyada iştirakını assambleya iştirakçılarının nəzərinə çatdırıb.

 

Rəbiyyət Aslanova toplantıdan sonra APA-ya açıqlamasında bildirib ki, o, öz çıxışında beynəlxalq terrorçuluğun strukturunda baş verən dəyişikliklərə toxunub və bu təhlükənin gündən-günə geniş vüsət almasını iştirakçıların diqqətinə çatdırıb: “Ən qorxulu cəhət odur ki, bu sahəyə güclü maliyyə axını və insan resursları cəlb olunur, ekstremist qruplarla kriminal strukturların birləşməsi gedir, bu da nəticə etibarilə yalnız kiçik deyil, böyük regionlarda da dövlət çevrilişlərinə gətirib çıxaran bir hala səbəb olur. Terrorizmlə mübarizə konkret olaraq hansısa bir dövlətin üzərinə düşən vəzifə deyil, bu böyük, qlobal sosial-siyasi problemlə təkbaşına mübarizə aparmaq mümkün deyil. Yalnız dövlətlərin birgə əməkdaşlığı və hər bir ölkənin öz siyasi iradəsini ortaya qoyması ilə bunu aradan qaldırmaq olar. Mən öz çıxışımda Azərbaycanın bu sahədəki mübarizəsindən də danışdım və bizim ölkənin terrorizmlə mübarizə sahəsində beynəlxalq antiterror koalisiyasına qoşulmuş ilk dövlətlərdən olduğunu qeyd etdim. Azərbaycan terrorizmə qarşı mübarizədə ən fəal iştirakçılardan biridir. Bu baxımdan həm Azərbaycanın bu sahədəki təcrübəsinin, eləcə də beynəlxalq əməkdaşlığın yeni yollarının və metodlarının araşdırılmasının nə qədər vacib olduğunu bildirdim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Oxşar yazılar