Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısında Bakı Bəyənnaməsi qəbul edilib. APA-nın məlumatına görə, bəyannamə toplantının yekunları əsasında qəbul olunub.
Bəyannamədə deyilir: “Biz - Əfqanıstan, Azərbaycan, Kamboca, Çin, İran İslam Respublikası, İsrail, Yaponiya, Koreya Respublikası, Laos, Malayziya, Nepal, Pakistan, Filippin, Rusiya, Tailand və Türkiyənin on doqquz siyasi partiyasının gənc nümayəndələri - gənclərin siyasi, iqtisadi və sosial sahələrdə üzləşdikləri problemlərin həllində Asiyada gənc siyasi liderlər arasında əməkdaşlıq, əlaqə və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətli olduğuna qərar verdik. Biz, BMT-nin Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla, gənclərin beynəlxalq inkişafına nail olmaq üçün öz öhdəliklərimizi yenidən bəyan etdik. İCAPP-ın Gənclər Qolunu əsas forumlardan birinə çevirmək üçün öz səylərimizi əsirgəməyəcəyik. İCAPP-ın əsas məqsədlərindən biri də siyasi partiyalar arasında əməkdaşlığı gücləndirməkdir. İCAPP-ın Gənclər Qolunun birinci iclasında qeyd edildiyi kimi, bu əməkdaşlıq regionda gənc siyasi liderləri yalnız “Asiya Əsri”ndə sülh, firavanlıq, sabitlik və inkişafı təbliğ etmələrinə deyil, həmçinin yoxsulluq, zorakılıq, cinayət, regionda və dünyada gənclərin üzləşdikləri bir sıra problemləri həll etmək üçün ümumi strategiya axtarmağa səfərbər edir”.