Arkanzas ştatı Azərbaycanı dəstəkləyən qətnamə qəbul etdi
21 fevral 2014 10:28 (UTC +04:00)

Arkanzas ştatı Azərbaycanı dəstəkləyən qətnamə qəbul etdi


Fevralın 20-də ABŞ-ın Arkanzas ştatının Senatında “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib.


 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Azərbaycanın Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə və insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində həyata keçirilən ikitərəfli əməkdaşlıq yüksək qiymətləndirilir.

 

Sənəddə Azərbaycanın iqtisadi sahədə imza atdığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkənin aparıcı rolu qeyd edilir.

 

Qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış qalan münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər yetirməsinə imkan verilməməsinin vacibliyi qeyd olunaraq NATO, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanır.

 

Qeyd etmək lazımdır ki, 2013-cü ildə Arkanzas ştatı qanunverici orqanının hər iki palatası tərəfindən Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar