Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun iyulun 8-də yaydığı müraciətə münasibət bildirib.
Rüstəm İbrahimbəyov müraciətində qeyd edib ki, hələ Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası özlərinin başqa namizədlərini müəyyənləşdirmişdilər. Daha sonra Rüstəm İbrahimbəyov vurğulayıb ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə demokratik düşərgədən ikinci namizəd olmamalıdır.
“Media forum” saytına açıqlamasında Arif Hacılı bildirib ki, Müsavat Məclisi partiya başqanı İsa Qəmbərin namizədliyini rəsmi formada irəli sürüb: “Müsavat Partiyası kollegial formada belə bir qərar qəbul edib və qərarı ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, bu qərar Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması yolunda əngəl deyil, əksinə, müxalifətin vahid namizədinin qeydə alınmasını asanlaşdırır. Müsavat Partiyasının İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı qərarı Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınanadək qüvvədə qalacaq”.
Arif Hacılının sözlərinə görə, builki prezident seçkisində öz namizədi ilə iştirak etmək qərarını verən Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri və prezidentliyə vahid namizədi olmaq istəyini nəzərə alaraq iddiasından geri çəkilib: “Onun Milli Şuranın vahid namizədi olmasına səs, dəstək vermişik. Müsavat Partiyası olaraq Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınması üçün əlimizdən gələni edəcəyik”.
A. Hacılı bildirib ki, onlar istənilən halda siyasi prosesdə iştirakın tərəfdarıdırlar: “Çünki seçkiləri boykot faktiki olaraq son nəticədə özünü boykota gətirib çıxarır. 2008-ci ilin prezident seçkisində yaranmış vəziyyət bunu bir daha təsdiq etmiş oldu. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Bakıya gələndən və biz bu məsələləri birlikdə müzakirə edəndən sonra o da istənilən halda seçki prosesində iştirakın tərəfdarı olacaq, iştirakın boykotdan daha səmərəli və məqsədəuyğun olduğu qənaətinə gələcək”.