İyulun 16-da Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 5-ci Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyin dəstəyi ilə 5-ci Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə “Azərbaycan Evi”nin açılışı da olub.
Açılışı Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Ak, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, səfirliyin əməkdaşları və AKP millət vəkili Feramuz Üstün həyata keçirib.
“Azərbaycan Evi”ndə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı əyani təbliğat materiallarının nümayişi ilə yanaşı, ölkəmizdə gedən yenidənqurma və abadlıq işləri ilə bağlı foto şəkillər də sərgilənib.
“Azərbaycan Evi”ni ziyarətə gələn çoxsaylı qonaqlara "İrs-Miras" jurnalı və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.
Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Akın ardından Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Feramuz Üstün öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.
Daha sonra tədbir iştirakçıları üçün “Kərkük Türkmənləri” Musiqi Qrupu tərəfindən Quranı Kərim oxunub, dini musiqilər səsləndirilib.