ADA-nın  Yay Enerji Məktəbinin məzunlarına sertifikatlar verilib
20 iyul 2013 05:59 (UTC +04:00)

ADA-nın Yay Enerji Məktəbinin məzunlarına sertifikatlar verilib

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə təşkil etdiyi sayca 7-ci Bakı Yay Enerji Məktəbi başa çatıb. Azərbaycan Diplomatik Akademiyasından APA-ya verilən xəbərə görə, iyulun 19-da Məktəb iştirakçıları qarşısında xarici işlər naziri Elmar Məmmədyarov “Xəzər hövzəsi və onun ətrafında enerji siyasətinin tarazlaşdırılması”  mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin xarici siyasət idarəsinin başçısı Azərbaycan üçün siyasi prioritetlərdən biri olan enerji diplomatiyasının tarixinə nəzər salaraq, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev və onun hakimiyyəti tərəfindən davam etdirilən uğurlu neft strategiyasının  yeni müstəqil ölkəmizin inkişafı üçün həlledici rolundan bəhs edib. O, hazırda Azərbaycanın tərkib hissəsi olduğu enerji layihələri barədə danışıb, onları həyata keçirməklə ölkəmizin enerji daşıyıcıları təchizatında diversifikasiyaya nail olmaq məqsədi güddüyünü vurğulayıb. Məktəb iştirakçılarına həmçinin Cənubi Qafqaz bölgəsində cərəyan edən son geo-siyasi proseslər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqların statusu barədə ətraflı məlumat verilib.

 

Yay Enerji Məktəbinin son günündə iştirakçılar qarşısında həmçinin Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Qazaxıstanın ölkəmizdəki səfiri Amangeldi Cumabayev, eləcə də Türkiyə və  Gürcüstanın Bakıdakı nümayəndəliklərinin təmsilçiləri çıxış edərək ölkələrinin Xəzər hövzəsi siyasəti və Xəzərin hüquqi statusuna dair rəsmi mövqeləri barədə fikirləri ilə bölüşüblər.   

 

7-ci Bakı Yay Enerji Məktəbinin 38 məzununa XİN rəhbəri Elmar Məmmədyarov və xarici işlər nazirinin müavini, ADA rektoru, səfir Hafiz Paşayev tərəfindən iki həftəlik akademik proqramı uğurla bitirdiklərinə görə sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, 7-ci Bakı Yay Enerji Məktəbi 6-20 iyul tarixlərində keçirilərək  15 müxtəlif ölkədən enerji sahəsi üzrə təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirib. İştirakçılar bu günlər ərzində Azərbaycanın enerji sektorunu təmsil edən ARDNŞ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, həmçinin ölkəmizdə fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin nümayəndələri və dünyanın aparıcı ali məktəblərinin beynəlxalq enerji məsələləri üzrə professorlarının təqdimatları və mühazirələrini dinləyərək enerji siyasətinin iqtisadi, siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər barədə bilikərini artırıblar. Bundan əlavə, onlar Azərbaycanda neft-qaz sahəsinin inkişafında tarixi əhəmiyyəti olan yerlərə də baş çəkiblər.

 

ADA-nın  Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirmişdir ki, hər il Avropa, Asiya, Afrika və digər bölgələrdən onlarla iştirakçının Azərbaycana səfər edərək Yay Enerji Məktəbinə qatılması ölkəmizin qlobal enerji təchizatı və təhlükəsizliyi, təbii resurslardan əldə edilən gəlirlərin istifadəsi ilə bağlı siyasətin işlənilməsi kimi məsələlərin araşdırılması və öyrənilməsində nüfuz mərkəzi kimi formalaşdığını göstərir: “Ümid edirik ki, onlar tək akademik proqramdan deyil, həm də Bakıda keçirdikləri iki həftəlik müşahidələrindən də öyrənib bizdən  yeni biliklər, xoş xatirələr və təməlini qoyduqları yeni dostluqlarla ayrılırlar.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar