ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı geniş ictimaiyyətə təqdim edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq hesabat bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən, ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək”.
Qeyd edək ki, hesabatda bütün ölkələr 3 səviyyəyə bölünür. Üçüncü səviyyə ölkədə traffikinq sahəsində problemlərin mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu sahədə müəyyən tərəqqi əldə etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan bu il tərtib olunan hesabatda ikinci sıradan üçüncü sıraya enib.