Ermənistan-Azərbaycan münaqişəsindən ətraflı danışan nazir E.Məmmədyarov vurğulayıb ki, münaqişənin əvvəlindən İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynayıb.
İƏT-in baş katibi Əkmələddin İhsanoğlu isə öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edib. O, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırıb.