Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Azərbaycan Respublikasında layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Parlamentin sədri qonağı yeni təyinatı münasibəti ilə təbrik edərək ümidvar olduğunu bildirib ki, bu vəzifədə fəaliyyəti ilə o, Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafına töhfə verəcək. Qeyd edilib ki, Azərbaycan ATƏT-lə hərtərəfli əməkdaşlığa mühüm önəm verir və əlaqələrin inkişafında maraqlıdır.
O. Əsədov təşkilatın 2014-cü il yaz sessiyasının 28 iyun – 2 iyul tarixlərində Bakıda keçirilməsi barədə qərarını təqdirəlayiq hesab edərək, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını vurğulayıb.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq deyib ki, yaranmış durum təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid edir.
Səmimi görüşə görə minnətdarlığını ifadə edən ATƏT-in Azərbaycan Respublikasında layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Bakıda gördüyü inkişafdan məmnun qaldığını bildirib.