“Sarkisyanın  ittiham irəli sürməyə mənəvi haqqı yoxdur”
17 fevral 2014 16:22 (UTC +04:00)

“Sarkisyanın ittiham irəli sürməyə mənəvi haqqı yoxdur”

“Populizm və yalan dolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarkisyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə əhalisinin 40 faizindən artığı yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı”. APA məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezident Serj Sarkisyanın çıxışını şərh edərək deyib.

 

E. Abdullayev bildirib ki, Azərbaycan xalqına qarşı ağır müharibə cinayətləri və etnik təmizləmə əməllərini törətmiş, Xocalı soyqırımının hazırlanmasına və həyata keçirilməsində bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyinin sülh, mənəvi və əxlaqi dəyərlərdən danışması riyakarlığın ən ifrat nümunəsidir: “Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə köklü azərbaycanlılara və eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə törətmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur. Məgər Azərbaycan və erməni xalqlarının “etnik uyğunsuzluğu”ndan danışan Serj Sarkisyan və onun sələfi Robert Köçəryan deyildimi? Öz ölkəsinin gəncləri qarşısında çıxış edərək xülyalarda yaşayan “Böyük Ermənistan” yaratmaq üçün onları qonşu dövlətlərin ərazilərinə göz dikməyə və gələcəkdə daha böyük və qanlı müharibələrə təhrik edən həmin Sarkisyan deyilmi? Bu irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib. “Azadlıq” və “patriotizm”dən dəm vuran Ermənistan rəhbərliyinin öz xalqına qarşı rəftarının və münasibətinin dəfələrlə şahidi olmuşuq. Ermənistanın ictimai xadimlərinin dediyi kimi, erməni xalqına qarşı “ağ soyqırım” törədən Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamağa məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və fəxarət mənbəyi olan öz çoxmədəniyyətlilik və tolerantlıq xüsusiyyətlərini qoruyub saxlayıb və Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur. Azərbaycanda bir çox millətlərin, o cümlədən ermənilərin yaşaması və müasir Azərbaycanın inkişafından tamhüquqlu vətəndaş olaraq faydalanmaları Azərbaycan xalqının yüksək mənəvi xüsusiyyətlərindən xəbər verir. Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti onun ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və onun ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək”.

 

Xatırladaq ki, fevralın 15-də Ermənistan prezidenti S. Sarkisyan “Yerkrapa” Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham edib. O bildirib ki, geniş miqyaslı müharibəyə başlamaq üçün Azərbaycanın gücü və imkanı yoxdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Oxşar yazılar