“Paris Azərbaycan Evi” ölkəmizi Parisin nüfuzlu icra hakimiyyətlərindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunmuş Assosiasiyalar Forumunda təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 92 nüfuzlu təşkilatın və qurumun, həmçinin yüzlərlə insanın qatıldığı forumda “Paris Azərbaycan Evi” ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən broşuralar, kitablar, milli xalça nümunələri, o cümlədən əl işləri nümayiş etdirib.
Tədbir iştirakçıları və təşkilat üzvləri, həmçinin milli şirniyyatlarımızdan dadmaq imkanı da əldə ediblər. Tədbir zamanı Parisin deputatı, mer Claude Goasguen “Paris Azərbaycan Evi” nümayəndələrini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Azərbaycan Evi öz növbəsində merə hədiyyə olaraq ölkəmizi təmsil edən kitab və suvenir təqdim edib.
“Paris Azərbaycan Evi” foruma Azərbaycanın Fransadakı Səfirliyi və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə qatılıb.