Hüquq müdafiəçisi Vidadi İsgəndərli Milli Şuradan (MŞ) kənarda saxlanılmasını ədalətsizlik sayır. Onun sözlərinə görə, QHT təmsilçiləri ilə bağlı qərar 3 şəxsin - Eldar Namazov, İsa Qəmbər və Əli Kərimlinin ortaq razılığı ilə verilib.
V.İsgəndərli “Yeni Müsavat”a onun MŞ-da olmasını istəməyən şəxsin olduğunu dedi. Hüquq müdafiəçisi güman edir ki, bu, AXCP lideri Əli Kərimlidir. Buna səbəb kimi bir müddət əvvəl V. İsgəndərli ilə Ə. Kərimli arasında yaranmış münaqişə göstərilir. Hüquq müdafiəçisi Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdan bu məsələyə dair izahat verməsini tələb edir.
Müsahibimiz vurğuladı ki, ölkənin azadlığı uğrunda mübarizə aparıb, məhbus olub, amma indi bu proseslərdən kənarda saxlanılıb. V.İsgəndərli qeyd etdi ki, əgər belə deyilsə, Milli Şura rəhbərliyi əsaslandırılmış arqumentlə çıxış etsin: “Rüstəm İbrahimbəyov, Eldar Namazov, İsa Qəmbər və Əli Kərimli aydınlıq gətirsinlər ki, nə səbəbə bu qurumda təmsil olunmuram? Əgər əsaslandıra bilsələr, üzr istəyəcəm. Mən ölkənin gələcəyi uğrunda canını qoymuş biriyəm. İndi niyə məni kənarda saxlayıblar? Əgər doğurdan da Milli Şurada təmsil olunmağımı İsa bəy və Əli bəy istəmirsə, o zaman mənə qarşı siyasi xəyanətdir. Əksinə, səbəbkar İbrahimbəyov və Namazovdursa, o halda susacam. Çünki onlar əqidə yoldaşlarım olmayıblar”.
V. İsgəndərli ona verilən məlumatı bizimlə bölüşdü: “Səhih olduğunu bilmirəm. Mənə deyilənə görə, Avropada yaşayan cəbhəçilər İbrahimbəyova təsir ediblər ki, Vidadi Milli Şurada təmsil olunmasın. Mən cəbhəçi dostum Şahin Həsənliyə mesaj yazıb Əli bəydən bu məsələyə aydınlıq gətirməsini istədim. O da sözümü çatdırıb və Əli Kərimli deyib ki, o, məni təhqir edib, aramızda yaranmış münaqişə zamanı ağır sözlər deyib. Ona görə də üstəlik Vidadi namizədliyini irəli sürüb, getsin namizədliyi ilə məşğul olsun. Əli Kərimli həyatını riskə qoymuş, vicdan məhbusu olmuş bir şəxsi siyasi prosesdən kənarlaşdırır. Bu, mənə çox pis təsir edir. Sonra araşdırdım ki, mənim məsələm Eldar Namazov, İsa Qəmbər və Əli Kərimli arasında müzakirə olunub. Bu 3 şəxsdən biri təşkilata gəlməyimə qarşı çıxıb. Bütün bunlardan məntiqi nəticəyə gəldim ki, məni görmək istəməyən Əli Kərimlidir".
Hüquq müdafiəçisi MŞ-nın siyahısının 50 faizi ilə razılaşır: “Yerdə qalan hissəsi isə perspektivsizdir. Hətta orada milli hakimiyyətin devrilməsində rolu olan şəxslər iştirak edir. Mən buna qarşıyam. Ancaq Milli Şuranın təsis olunmasını alqışlayıram, dəstəkləyirəm. Əgər məni orada görmək istəməyən siyasətçilər varsa, bunu artıq özüm üçün nəticə çıxardım. Bununla belə, bu birlik ideyası müsbət addımdır. Rüstəm İbrahimbəyov vahid namizəd olarsa və əgər Rəsulzadə - Elçibəy ideyalarına, milli maraqlarımıza uyğun proqram ortaya qoyarsa, onu dəstəkləyəcəyəm”.
AXCP Rəyasət Heyətinin üzvü Natiq Güləhmədoğlu bildirdi ki, onun son açıqlamalarından məyus olub: “Ümumiyyətlə, Vidadi İsgəndərlinin son çağlardakı çıxışından çox pərişanam. Onun davranışlarında, fəaliyyətində anlaşılmazlıq, xaos hökm sürür. Azərbaycan xalqının müqəddəratına sahib çıxmaq istəyən bir şəxsin belə davranışı yolverilməzdir. O, birinci dəfə deyil ki, AXCP və onun lideri barədə həqiqətdən uzaq, böhtan xarakterli çıxışlar edir”.
N.Güləhmədoğlu V.İsgəndərlinin açıqlamasını xatırlatdı: “Həbsdən çıxan kimi demişdi ki, korrupsiyaya qarşı cihad elan edirəm. Çox təəssüf ki, biz o cihadı yox, başqa şeyi görürük. Yəni fitnəni. Bəli, İsgəndərli xaotik hərəkətləri ilə müxalif cameədə fitnəyə səbəb olur. Bizi dörd gözlə izləyən qəvi düşmən üçün bol materiallar istehsal edir. Amma mən bunlara göz yummağa tərəfdaram.
Çünki o özü demişdi ki, zindanda olarkən onu iradəsinin əleyhinə danışmağa vadar edən nəsə bir iynə vurublar. Tezliklə ölkədə demokratiyanı bərqərar edib Vidadi bəyə o yaramazlıq edənləri cəzalandırmalıyıq".
AXCP yetkilisi sonda dedi ki, kaş Azərbaycan siyasi səhnəsində olanların heç olmasa 50 faizi Ə.Kərimli qədər milli maraqlardan yana öz ambisiyasını dəfn edən, kompromisə meylli olaydı: “Milli Şuranın tərkibinə baxsaq, görərik ki, orda AXCP əleyhinə nəinki fikir deyən, hətta kitab yazan insanlar var. Amma Əli bəyin elə təsis yığıncağında dediyi kimi, ”biz xalqımızın əyilən qəddini düzəltmək, haqsızlıqdan, taqətdən düşən dizlərinə təpər vermək üçün keçmişin ağır dəftərlərini qapamışıq".
Yeni Müsavat