ABŞ-ın “Freedom House” təşkilatının Azərbaycanda insan haqlarının durumu ilə bağlı bəyanatına olduqca sərt tonda reaksiya verən hüquq müdafiəçisi Novella Cəfəroğlu qınaqla üzləşib. Hətta üzvü olduğu Müsavat Partiyasının yetkililəri Cəfəroğlunun yanaşmasını aqressiya ilə qarşılayıblar.
“Yeni Müsavat”la fikirlərini bölüşən Novella Cəfəroğlu isə deyib ki, Azərbaycanın Türkmənistanla bir sıraya aid edilməsi ilə barışmır və bu mövqeyini də dəyişməyəcək.
- Azərbaycanda keçirilən etiraz aksiyaları zamanı həm iştirakçı, həm də hüquq müdafiəçisi kimi öndə olursunuz. Həbs edilənlərin taleyilə bağlı araşdırma aparan, polisin saxladığı şəxslərin azadlığa çıxması üçün hökumətlə danışıqlara ilk gedən də siz olursunuz. Ancaq ötən gün sizin fikirlərinizi cəmiyyət, hətta partiyadaşlarınız ən sərt tonda qarşıladırlar. Bu yanaşma sizdə hansı hisslər doğurdu?
- Çox incimişəm. Məni hələ indiyə qədər Ramiz Yunus kimi bir şəxs belə aşağılayıcı sözlər söyləməmişdi. Mən hər zaman tənqidi qəbul etmişəm. Ancaq təhqirə dözə bilmərəm. Mənə 1969-cu ildə Azərbaycanın üçrəngli bayrağını Kələkidə rəhmətlik Əbülfəz Elçibəy göstərib və mənə onun simvolikalarından danışıb, Azərbaycanın rus işğalından qurtulması üçün o zaman yola çıxmışam. Bütün fəaliyyətim də bu gün məni söyməyə cəsarət eləyənlərin gözü qarşısında keçib. Haradasa məni mübarizədən geri çəkilən, Azərbaycanın maraqlarına xəyanət edən görmüsünüzmü? Bu şəxslərin hücumu həm də özlərinin kirli niyyətləri ilə bağlıdır. Onlar məni qaralamağa çalışmaqla özlərini təmiz göstərmək istəyirlər. Ancaq alınmaz. Məgər Azərbaycan xalqı Leyla Yunusun Rusiyaya işlədiyini bilmir? Adını “millətlərin özünütəyin haqqını qorumaq” qoyub Azərbaycanı parçalamaq vətən, millət qarşısında ən böyük günahdır ki, bunu da Leyla Yunus edir.
- Sizin aranızda mübahisənin kökündə yalnız bu məsələ dayanır?
- Əlbəttə. Leyla hər zaman qondarma “Talış-Muğan Respublikası” yaratmaq istəyənlərin dəstəkçisi olub. Türkə də qurban olum, talışa da, ləzgiyə də, laza da, avara da, kürdə də... amma Azərbaycanın daxilində. Kim mənim ölkəmi parçalamaq istəsə, kim bu işdə onlara yardım etsə, mənim ona münasibətim başqa cür ola bilməz. Bu adamlar mənim çıxışlarımı izləyib öz aləmlərində məni vurmaq istəyirlər. Ancaq alınmaz. Sular durulan kimi, kimin kim olduğu yenə üzə çıxacaq.
- Sizi həmin hesabatda razı salmayan nədir?
- Azərbaycanın Orta Asiya respublikaları ilə eyni sıraya qoyulması. Bəli, bizdə insanlar siyasi fəaliyyətinə görə həbs edilir, qəzetlərə basqı var, insanların söz, sərbəst toplaşmaq azadlıqları kobud şəkildə məhdudlaşdırılır. Ancaq biz yenə də Orta Asiya respublikaları ilə eyni müstəvidə deyilik. Qadın hüquqları ilə bağlı seminarlara Orta Asiya respublikalarından nümayəndə dəvət edəndə onlar ölkələrindən ancaq turist kimi çıxa bilirlər. Qayıdan da uzun müddət harada olduqlarını gizli saxlayırlar. Nə bir qəzetləri, nə siyasi fəaliyyətləri üçün imkanları var, müxalifətçiləri ölkədən didərgin salınıb. Mənim dediyim odur ki, siyasi hakimiyyətlər dəyişəcək, bəs bu gün məni söyənlər Azərbaycanın dünyada formalaşdırılan mənfi imicini dəyişə biləcəklərmi? Niyə Qərb institutları 500 min türkü deportasiya edən Ermənistanla bağlı bir kəlmə də demir? Niyə Ukraynadan danışmır? Rusiyada baş verənlərin hesabını soruşan da yoxdur. Axı bizim gözümüzün qarşısında bu ölkələrdə də çox ciddi qanun pozuntuları baş verir. Mən heç zaman bu hakimiyyətin tərəfdarı olmamışam. Heç zaman. Baxmayaraq ki, 1993-cü ildə mənə də, yoldaşıma da 3 dəfə təklif gəldi ki, gəlin, bizimlə işləyin. Biz imtina etdik. Hər zaman hökuməti açıq tənqid etmişəm, səhvləri demişəm, siyasi məhbusların azad edilməsi üçün son 20 ildə yüzlə dəfə danışıqlar aparmışam. Ancaq indi biriləri məni düşmən elan edib.
- Novella xanım, sizə qarşı ən çox işlədilən bir tutarqa da qrant layihələri ilə bağlıdır. Belə fikir formalaşdırmağa çalışırlar ki, dediklərinizin arxasında maddi maraqlar durur.
- Mənim hesabatlarım hər kəsə açıqdır. Kim istəsə, onları təqdim etməyə hazıram. Bizim təşkilat hələ indiyə qədər siyasi məhbuslarla bağlı bir manat da qrant almayıb. Biz ancaq qadın hüquqları və problemləri ilə bağlı məsələlərlə bağlı maliyyə dəstəyi almışıq. Ona görə də bu deyilənlər sabun köpüyüdür, partlayacaq, gedəcək.
- Müsavat başqanı İsa Qəmbər də sizin mövqeyinizi bölüşmədi... Siz partiyadan fərqli bir mövqe gözləyirdinizmi?
- İsa bəy deyir ki, Novella xanım məsələlərə yanlış münasibət bildirib. Mən hesab edirəm ki, 72 yaşı, siyasi təcrübəsi olan bir insan kimi fikrimi bildirməkdə sərbəstəm. Hər kəsin tənqidlərinə də sayğı ilə yanaşıram. Mən bu yolu 20 il mitinqlərdə döyülə-döyülə, söyülə-söyülə, həbsxanalara düşə-düşə keçmişəm. Bəlkə də çox az adam 20 ildə Azərbaycanda insan haqları ilə bağlı hansı qanunsuzluqların baş verdiyini mənim qədər öz canında hiss edib. Ancaq indi “facebook”u açırsan, hansısa xırda uşaqlar “Novellanı Müsavatdan iti qovan kimi qovmaq lazımdı” yazır. Ramiz Yunus kimdir axı mənə belə söz desin? (Redaksiya burada ixtisar aparmaq məcburiyyətində qaldı-YM) Novella Cəfəroğlu bu ölkədə azadlıq mübarizəsi aparanda sizlər harda idiniz? Onlar Azərbaycanda 9 min siyasi məhbus olduğu dönəmləri, siyasi məhbusların hansı işgəncələrlə üz-üzə qaldığı günləri xatırlamırlar? İnsanları başı aşağı asıb min-bir işgəncə verirdilər. Bir daha deyirəm, mən Azərbaycanda demokratiya uğrunda mübarizəyə Əbülfəz Elçibəyin xeyir duası ilə çıxmışam. Həqiqət nədirsə, mən onu deməkdən heç zaman nə çəkinmişəm, nə qorxmuşam. Ancaq Elçibəy sağ olsaydı, bunlar mənim üzərimə belə gələ bilməzdilər. Elçibəy bəlkə də məni çağırardı, hətta ehtiyatsız ifadə işlətdiyimə görə, fikirlərimi siyasi dillə deyil, kəsə yolla anlatdığıma görə danlayardı, ancaq bir adama icazə verməzdi ki, belə biabırçı formada mənim üzərimə gəlsin. 72 yaşlı qadına qalib gəlmək olar, ancaq Novella Cəfəroğluna yox.