“Sonuncu dəfə Amerika Yəhudi Komitəsinin Qlobal Forumunda çıxışımda izah etdim ki, əsasən şiə müsəlmanların yaşadığı Azərbaycan nə üçün İsrail və müsəlman ölkələri ilə yaxın münasibətlərə malikdir və ABŞ-ın vacib strateji tərəfdaşıdır”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “The Hill” nəşrində dərc olunan məqaləsində öz əksini tapıb.
Məqalədə bildirilir ki, Azərbaycanın dünyadakı bənzərsiz və əhəmiyyətli rolu beş sütuna əsaslanır: “Bu sütunlar dözümlülük ənənəmiz, strateji mövqeyimiz, iqtisadi göstəricilərimiz, regional təhlükəsizlik anlayışımız, qonşuluğumuz və dünyada sülh axtarışıdır
İğtişaşlar dövründə 1991-ci ildə müstəqilliyini elan edin qədim sivilizasiyaya malik Azərbaycanın müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü və sülhyaradıcı rolu dünya ictimaiyyətinə təqdim edilə bilər.
Azərbaycan bugünki dünyada təəssüf ki, az rast gəlinən dini dözümlülük və mədəni müxtəlifliyi ilə tanınır. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan, dünyəvi cəmiyyətə malik Azərbaycanda yüz illər boyu üç monoteist etiqadın nümayəndələri – müsəlman, xristian və yəhudilərin dinc yanaşı yaşayıblar. Bizim 35 minlik yəhudi icmamız 2500 ildir ki, dünyada antisemitizmin nə olduğunu bilməyən az yerlərdən biri olan Azərbaycanda heç bir təqibə məruz qalmadan ləyaqət və hörmətlə yaşayır. İnsanlarımız arasında sıx əlaqələr şəraitində biz Azərbaycanda demokratiya quruculuğu, insan hüquqlarının qorunması və qanunun aliliyi kimi prinsiplərə tamamilə inanırıq”.
Elmar Məmmədyarov bildirib ki, vacib neft və qaz resurslarına malik olan Azərbaycan bundan əlavə Avropa, Asiya və Yaxın Şərq arasında keçid məntəqəsi kimi çox vacib mövqeyə malikdir: “Azərbaycan regional nəqliyyat qovşağı və Avropanın enerji ehtiyaclarını təmin etmək baxımından bənzərsiz mövqeyə malikdir. Biz qonşularımıza müraciət edərkən onlara xatırladırıq ki, biz sərhədləri bölüşə bilməsək də, regionu bölüşürük.
Enerji ixracı və inkişaf beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Bizim əsas layihələrimizdən Bakı-Tiflis-Ceyhan kəməri gündəlik 1 milyon barel nefti Aralıq dənizinin şərqinə nəql etməklə digər ölkələrlə yanaşı İsrailin neft ehtiyaclarının 40 faizini təmin edir.
Qaz alıcısından qaz hasilatçısı ölkəsinə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni artırır. Azərbaycanın nəql etdiyi qaz daha sonra digər avropalı tərəfdaşlarımız üçün enerji təminatını şaxələndirəcək. Çoxmilli “Şahdəniz” konsorsiumu Azərbaycan qazını TANAP vasitəsilə Avropaya çatdırmaq üçün TAP layihəsini seçdiyini bəyan edib”.
Məqalədə bildirilir ki, Azərbaycan bütün sektorlar üzrə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini özündə cəmləşdirir: “2004-2011-ci illərdə ÜDM üç dəfə, sənaye istehsalı 270%, qeyri-neft sektoru iki dəfə artıb. ABŞ-la qarşılıqlı ticarət dövriyyəmiz 2.3 milyard dollar, İsraillə isə 4 milyard dollar təşkil edir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizim sülhün və təhlükəsizliyin təminində artan rolumuzun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını nümayiş etdirir. Azərbaycan terrorizmə qarşı mübarizə, insan və narkotik maddə qaçaqmalçılığının azaldılması, davamlı inkişaf, multikulturalist anlaşma, Yaxın Şərq və digər yerlərdə münaqişələrin həlli prosesi kimi beynəlxalq sülh və sabitlik baxımından vacib məsələlərə öz töhfəsini verir. Əfqanıstana daşınan yüklərin 40 faizdən çoxu ölkəmiz vasitəsilə nəql edilir, Azərbaycan Əfqanıstanda ABŞ və NATO ilə çiyin-çiyinə dayanıb.
Avropa Şurası və ATƏT kimi çoxtərəfli Avropa institutlarının, eləcə də dünyanın 56 müsəlman ölkəsini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan ABŞ, İsrail kimi tərəfdaşları və digər müsəlman dövlətləri arasında vacib həlqə funksiyasını daşıyır. Fələstin və İsrailə axırıncı səfərimdə hər iki tərəfin layiq olduğu sülhdən faydalanacağına Azərbaycan tərəfinin ümidlərini ifadə etdim.
Qonşularımızla sülh münasibəti yürütməklə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və ardınca bir milyon yerli azərbaycanlının öz doğma torpaqlarında etnik təmizləməyə məruz qalması ilə nəticələnən, Ermənistanla davam edən münaqişənin gələcək təsirlərindən yayınmaq üçün yollar axtarır. Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir, çünki sabit və çiçəklənən Azərbaycanla Ermənistan sabit və inkişaf edən Qafqaz üçün bir təminatdır. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və şərtsiz çıxarılmasının aydın şəkildə tələb edir”.
Elmar Məmmədyarov yekunda vurğulayıb ki, Azərbaycan və digər inkişaf edən ölkələr üçün təhlükəsizliyin əsl təminatçısı cəmiyyətlərdəki sülh və dözümlülük mədəniyyətidir: “Kənarda sülhü təmin etmək üçün ilk növbədə öz ölkəndən başlamalısan”.