“Dağlıq Qarabağın icmaları arasında dialoq başlamalıdır”
24 iyun 2013 20:50 (UTC +04:00)

“Dağlıq Qarabağın icmaları arasında dialoq başlamalıdır”

AŞPA-nın yay sessiyasının bugünkü plenar iclasında sərbəst müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxış edib.

 

APA-nın Avropa bürosunun məlumatına görə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın guya ki, Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədr ölkələri başçılarının "B8" sammitində Dağlıq Qarabağ münaqişəsiylə bağlı verdikləri bəyanatın bütün müddəalarını qəbul etməməsinə dair dediklərinə düzəliş verən azərbaycanlı millət vəkili Azərbaycan prezidentinin də sözügedən bəyanata öz dəstəyini açıqladığını xatırladıb.

 

Bundan başqa, Rövşən Rzayev Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla Azərbaycan arasında baş verdiyini desə də, bu münaqişə qurbanlarının ilk növbədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının olduğunu bildirib.

 

“Biz ona görə də hesab edirik ki, bu iki xalqın bölgədəki icmaları arasındakı təmaslar yüksək səviyyədə gedən sülh danışıqlar prosesinə öz müsbət töhfəsini verə bilər. Lakin təəssüflər olsun ki, bu neçə vaxtda  mən bu Assambleya daxilində bunu dəstəkləyən kimisə tapa bilmirəm. Mən bu məsələ ilə bağlı AŞPA sədri Jan-Klod Minyona da müraciət etmişəm. Cənab Minyona da təşəkkürümü bildirirəm ki, burada, Assambleya daxilində hər iki nümayəndə heyətini bir masa arxasında görüşdürə bilir. Amma mən çox istərdim ki, biz bu dialoqu, təmasları daha da artıraq. Burada, elə indicə, xanım Zöhrabyana üzümü tutub deyirəm: gəlin elə indidən başlayaq və birgə dialoq masasına əyləşək. Əgər Azərbaycan parlamentində ermənilərlə ünsiyyətə görə cəzalandırma haqda qanun varsa, o zaman mən ilk olaraq bu qanuna görə cəzalanmağa hazıram. Əmin olmaq istərdim ki, bu Assambleyada mənim və bu məsələni yalnız danışıqlar vasitəsiylə həll etmək arzusunda olan Dağlıq Qarabağın azərbaycanlı icmasındakı insanların səslərini eşidənlər olacaq. Belə bir dialoq hər iki xalqın nümayəndələrinin normal şəraitdə birgə yaşamalarına xidmət göstərəcək”- deyə, R.Rzayev bəyan edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar