“Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü”
24 iyun 2013 19:10 (UTC +04:00)

“Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü”

0

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Gövhər Qrup” tərəfindən 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü və Azərbaycan Demokratik Respublikasının qurulmasının 95 illiyi münasibətilə Dövlət Filarmoniyasında Milli Qəhrəman ailələri, şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün tədbir və konsert proqramı keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə,  “Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü” adlı tədbirdə Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğanın öz zəngin repertuarı ilə səhnədə yer alıb.

 

Tədbirdə çıxış edən Qənirə Paşayeva deyib ki, müsəlman Şərqində ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini və Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunur. Onun sözlərinə görə, Azərbaycan ordusu xalqın ordusudur, bu gün bütün dünya Azərbaycan ordusunun güclənməsini görür. Qənirə Paşayeva bu illər ərzində hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinə və Türkiyə Silahlı Qüvvələrinə xüsusi təşəkkür edib: “Torpaqlarımızın işğaldan azad olunacağı gün o qədər də uzaqda deyil. Ali Baş Komandan İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz suveren hüququndan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn il Ordu Günümüzü, bu cür tədbirlərimizi prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

 

Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxışında qaçqın və məcburi köçkünlərə olan daimi diqqət və qayğıdan danışıb.  Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, dövlətlərimizin birliyinin, həmrəyliyinin artması istiqamətində hər birimiz daha da çox çalışmalı olduğunu vurğulayıb: “Qarabağ probleminin həllində də hər zaman Türkiyənin Azərbaycanın yanındadır”.

 

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı elçisi Ş.Topçu, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da çıxış edərək hər kəsi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik ediblər. Qənirə Paşayeva Mustafa Yıldızdoğana Şuşanın təsvir olunduğu rəsm tablosu və çay dəsti hədiyyə edib. Mustafa Yıldızdoğanın oxuduğu mahnılar alqışlarla qarşılanıb. Yüzlərlə insan konsertin əvvəlində və finalında Mustafa Yıldızdoğanla birlikdə “Ölürüm Azərbaycan, ölürüm Türkiyə!” deyən sənətçinin məşhur əsərini onunla birlikdə alqışlarla birlikdə oxuyublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar