“Son illər prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib”. Lent.az-ın məlumatına görə, bunu Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın 2015-ci ildən sonrakı inkişafına dair milli dialoqlara həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. PA rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzun müddətli inkişafın təmin edilməsinə xidmət edir: ”2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrin müzakirəyə çıxarılması Azərbaycanın çoxsahəli fəaliyyət prioritetlərinin bariz nümunəsidir. Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir. Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək. Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək”.
R. Mehdiyev onu da vurğulayıb ki, Azərbaycan inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək.