“AŞPA Rusiyasız marginal bir qurumdur”.A PA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında bildirib.
AŞPA-nın son sessiyasının çox gərgin keçdiyini söyləyən İ. Umaxanov deyib ki, adıçəkilən qurum isteriya içindədir: “AŞPA 2008-ci ildə Cənubi Osetiya-Gürcüstan müharibəsi zamanı da isteriya içində idi. O zaman da bu qurumda bizi eşitmək istəmirdilər. Bizim iştirak etdiyimiz son sessiya parlament diskussiyasını xatırlatmırdı. Sanki teatr tamaşasında oturmuşduq, çıxış edənlər isə hansısa rolu oynayırdılar. Parlament atmosferi yox idi. Əgər siz AŞPA-nın Ukrayna ilə bağlı qətnaməsinə baxsanız, o zaman orada qeyri-peşəkarlığı görərsiniz. Qətnamə başdan ayağa Rusiyaya qarşı ittihamdan ibarətdir. Qətnamədə Ukraynada rusdilli əhalinin olmasından belə söhbət getmir. Məlum ikiüzlülük, ikili standart bu qurumda da özünü bir daha göstərdi. Qətnamənin qəbulundan bir neçə gün keçib, Ukraynanın cənub-şərqindəki vəziyyət hamıya məlumdur”.
Rusiya Federasiya Şurasının sədr müavini onu da əlavə edib ki, AŞPA-da keçirilən səsvermə zamanı ən radikal mövqeni Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Gürcüstan nümayiş etdirib: “AŞPA-nın bu qərarı qurumun özünü gələcəkdə beynəlxalq münaqişələrin müzakirəsindən kənarda qoyacaq. AŞPA Rusiyasız marginal bir qurum kimi fəaliyyət göstərəcək”.
İ. Umaxanov Azərbaycanın balanslaşdırılmış və konstruktiv mövqe sərgilədiyini söyləyib: “Rusiya üçün vacib məsələdə Azərbaycanın balanslaşdırılmış və konstruktiv mövqe tutmasını yüksək qiymətləndiririk. Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarına Rusiyanın AŞPA-da rolu ilə bağlı müraciət etdi və onları emosiyaya uymamağa, konstruktiv dialoqa çağırdı. Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk”.
Federasiya Şurasının üzvü İqor Morozov isə çıxışında qeyd edib ki, AŞPA-nın sessiyası keçirilən zalda çıxışlar kuluarlarda gəzən söz-söhbətlərdən kəskin fərqlənirdi: “Koridorlarda AŞPA-da təmsil olunan bir sıra ölkələrin deputatları bizə açıq deyirdilər ki, qurumun Rusiya ilə bağlı verdiyi qərarın arxasında ABŞ dayanır, qurumun rəhbər şəxsləri ABŞ-ın dediyi ilə oturub-durur”.
Senator İlyas Umaxanov Rusiyanın AŞPA-dan birdəfəlik getmək haqda düşündüyünü açıqlayıb: "Biz bu haqda fikirləşirik. Rusiya parlamentlərarası səviyyədə əlaqələrini digər qurumlarla davam etdirmək fikrindədir. Yaxın vaxtlarda bu haqda qərar veriləcək”.
Qeyd edək ki, aprelin 10-da Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib.