“Anar Məmmədovun siyasətə gəlməsi hələ gündəmdə deyil”
25 aprel 2014 13:38 (UTC +04:00)

“Anar Məmmədovun siyasətə gəlməsi hələ gündəmdə deyil”

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun sözçüsü Ruslan Məmmədov son günlər mediada yazılanlara münasibət bildirib.

 

“Mediaforum” saytına danışan R. Məmmədov deyib ki, son günlər internetdə yayılan videogörüntülərin, əmisi oğlanları ilə bağlı söylənilənlərin Anar Məmmədova dəxli yoxdur: “Həmin avtomobillərin Anar Məmmədova heç bir aidiyyəti yoxdur. Kimsə nəsə edibsə, bu onun öz işdir, ondan soruşmaq, məsələni onu edənin adı ilə bağlamaq lazımdır. Biz araşdırmışıq, Anar Məmmədovun toy karvanında belə bir avtomobil olmayıb. Bizim şirkət normal inkişaf edir, dəyərli layihələr həyata keçiririk, kimsə istəyir, kimsə istəmir, gözü götürmür. Son məsələlərin arxasında nə durduğunu bilmirəm. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək.

 

Sözçü  Anar Məmmədovun layihəsi olan “Qarant Media Holdinq”in də gələn həftədən işə  başlayacağını deyib. O bildirib ki, “National Geographic” jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə ediblər: “Bunu ilk olaraq biz Amerikadan Azərbaycana gətirmişik”.

 

R. Məmmədovun dediyinə görə, onlarrın televizya açmaq fikirləri yoxdur, sadəcə ölkədəki telekanalların birində “Discovery” və “National Geographic” kanallarının formatında veriliş yayımlayacaqlar. O, holdinqə rəhbər təyin edilmədiyini, bəzi saytların da bura daxil olacağını bildirib.

 

R. Məmmədov layihənin Anar Məmmədovun ideyası olduğunu da bildirib: “Bir neçə ay əvvəl mətbuatda Anar müəllimin Amerikada danışıqlar apararaq “National Geographic”i Azərbaycana dəvət etməyə nail olması haqda xəbərlər getmişdi. Bu jurnal kifayət qədər sanballı bir mətbuat orqanıdır. Uzun danışıqlardan sonra bu hüququ Anar müəllimə veriblər. İndi Anar müəllim bunu öz dostunun, qardaşının və ya başqa strukturun adından eləyə bilər. Bu, texniki məsələdir”.

 

Amma o deyib ki, A. Məmmədovun siyasətə gəlməsi hələ gündəmdə deyil: “ Anar müəllim holdinqin inkişafı, sosial layihələrin həyata keçirilməsi və Azərbaycanın tanıdılması ilə məşğuldur. Yaxın zamanlarda Anar Məmmədovun siyasətə gəlməsi kimi fikri yoxdur”.

 

R. Məmmədov mediada A. Məmmədovun atası, əmisi və əmisi oğlanları barədə yazılanlara da münasibət bildirib: “Anar Məmmədov sahibkardır. Gördüyü işlər də göz önündədir, ictimaiyyət bunları daima izləyir. Bilirsiz ki, Amerikada indi Azərbaycanı tanıdan ən işlək diaspor təşkilatı Anar Məmmədovun rəhbərlik etdiyi Amerika Azərbaycan Alyansıdır. “National Geographic”i Azərbaycana gətirən Anar müəllimdir. İndiyə kimi bunu heç kim edə bilməmişdi.

 

O ki qaldı atası Ziya müəllimə, əmisi Elton müəllimə və əmisi oğlanlarına, onların öz şəxsi həyatı və işləri var, bunları bir-birinə qatmayaq. Kimsə nəsə edibsə, burda Anar müəllimin nə günahı var?! Anar müəllim əmisi oğlunun hansısa bir yaxşı və ya pis hərəkətinin məsuliyyətini niyə daşımalıdır?!”

 

O, yazılanların “arxasında nə dayandığını deyə bilməyəcəyini” qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2992
avatar

Oxşar yazılar