Azərbaycanın BMT-dəki nümayəndəliyindən APA-ya verilən məlumata görə, Litvanın xarici işlər naziri Linas Linkeviçusun sədrlik etdiyi iclasda çıxış edən BMT Baş katibi Pan Gi Mun təşkilatın bu istiqamətdə fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Təhlükəsizlik Şurası və BMT-nin digər üzv dövlətləri ilə yanaşı çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi Nümayəndəsinin müavini Tofiq Musayev mövzunun onun ölkəsi üçün vacibliyini vurğulayıb. Azərbaycanlı diplomat qeyd edib ki, Azərbaycanın bu məsələ üzrə mövqeyi onun Cənubi Qafqaz bölgəsində və dünyada davamlı sülh və inkişafın bərqərar edilməsinə töhfə vermək marağından, o cümlədən təcavüz, zorakı separatizm, xarici hərbi işğal və etnik təmizləmələrin nəticələrinin aradan qaldırılmasındakı praktiki təcrübəsindən irəli gəlir.
Əsas diqqəti Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına yönəldən Т.Musayev xatırladıb ki, 1987-ci ildə qonşu Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialar irəli sürməsi sonradan Azərbaycan ərazilərinin işğalı, minlərlə azərbaycanlı dinc sakinin qətlə yetirilməsi və bir milyondan artıq azərbaycanlıların Ermənistan və işğal edilmiş ərazilərdəki evlərindən qovulması ilə nəticələnib. Münaqişə dövründə cinayətlər törədən şəxslərin, aralarında hazırda Ermənistanda yüksək siyasi və hərbi vəzifələr tutan şəxslər olmaqla, cəzasız qalması iki dövlət arasında sülh və barışa nail olmaq istiqamətində ciddi maneədir.
Bununla yanaşı T.Musayev bildirib ki, Ermənistanda terrorçuların və müharibə cinayətkarlarının tərənnüm edilməsi, o cümlədən onların milli qəhrəman statusuna qaldırılması və onlara dövlət təltiflərinin verilməsi, Ermənistan rəhbərliyinin qanun aliliyi və sivil münasibətlərin universal dəyərlərindən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsinin əsassız, yalan və böhtan xarakterli bəyanatına istinad edərək, prezidenti və digər yüksək səviyyəli rəsmi şəxslərinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı bir ölkənin bəyanatlarının heç bir çəkiyə malik olmadığını vurğulayıb.
Azərbaycanlı diplomat qeyd edib ki, bu xüsusda mövcud problemlərin həll edilməsinin ən yaxşı yolu Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsi və müharibə dövründə azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş cinayətlərə görə cavabdeh olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsidir.