“Bundan sonrakı onilliklərdə ölkənin dayanıqlı inkişafını təmin edəcəyik”
08 iyun 2013 04:41 (UTC +04:00)

“Bundan sonrakı onilliklərdə ölkənin dayanıqlı inkişafını təmin edəcəyik”

 “Azərbaycan on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilib”. APA-nın məlumatına görə, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışı zamanı bunu bəyan edib.

 

“İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabət qabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilib. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq”, deyə prezident bildirib.

 

Onun sözlərinə görə, son on il ərzində Azərbaycanda bütün başqa istiqamətlər üzrə də böyük nailiyyətlər əldə edilib: “Bütün bu nailiyyətlərin təməlində Heydər Əliyev siyasətidir, onun qoyduğu yoldur, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf var. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə Azərbaycanda aparılan islahatlar baxmayaraq ki, çox ciddi xarakter daşıyır və köklü islahatlardır, biz tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilirik ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Bizdə isə həm iqtisadi islahatlar aparılıb, - bu gün iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, - eyni zamanda, çox güclü sosial proqramlar da icra edilib.

 

Son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artıb. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar əlbəttə ki, bizim əsas istiqamətimizdir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə görülmüş işlər deməyə əsas verir ki, biz gələcəkdə də bu uğurlu meylləri daha da gücləndirəcəyik və Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik”.

 

Prezident iqtisadi sahədə şaxələndirmənin əsas istiqamət olduğunu vurğulayıb: “Bu sahədə də böyük uğurlar əldə edilib. Bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artıb ki, bu, bəlkə də dünyada ən yüksək göstəricidir. Vaxtilə qəbul edilmiş bütün qərarlar icra edilir. Biz neft amilindən asılılığımızı azaldırıq. Bu il artıq ümumi daxili məhsulumuzda neft sektoru azlıq təşkil edir. Yəni, şaxələndirmə baş verib, bundan sonra sənayeləşmə prosesi daha da sürətlə gedəcək. Böyük sənaye kompleksləri yaradılacaq. Bu da qarşımızda duran əsas vəzifələrdən biridir. Sosial məsələlərin həllində bundan sonra da çox ciddi addımlar atılacaq. Maaşlar, pensiyalar, müavinətlər artırılacaq. Məcburi köçkünlərin yaşayış səviyyəsini qaldırmaq üçün bundan sonra da işlər görüləcək. Biz bütün istiqamətlər üzrə öz siyasətimizi davam etdirəcəyik. Ərzaq təhlükəsizliyini tam şəkildə təmin etməliyik. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulub ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Biz bu hədəfə də yaxınlaşırıq.

 

Nəqliyyat təhlükəsizliyi üçün Azərbaycan indi əsas rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatdırılması bölgənin, qitənin, qitələrin nəqliyyat xəritəsini dəyişdirəcək. Yenə də Azərbaycan burada təşəbbüskardır və əsas tərəfdaşdır.

 

Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcək. Bu, böyük uğurumuzdur və böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq. Azərbaycanın neft strategiyası bu günə qədər uğurla icra edilir. Bu gün qaz amili də bu strategiyanı daha da zənginləşdirir”.

 

Dövlət başçısı bütün istiqamətlər üzrə konkret proqram, plan, konsepsiya və icra mexanizminin olduğunu bildirib: “O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcək. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.

 

Bizim birinci qəbul etdiyimiz əsas proqramımız regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı olub. 2004-2008-ci illəri əhatə edən proqram artıqlaması ilə icra edilib və proqramın əsas məqsədi məhz kəndlərlə şəhərlər arasındakı fərqi azaltmaqdan ibarət idi, təbii ki, kəndlərin inkişafı hesabına. Bu proqramın və ondan sonra qəbul edilmiş ikinci Dövlət Proqramının uğurlu icrası demək olar ki, Azərbaycanın hərtərəfli inkişafına həlledici töhfə verib. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olub. Bu gün regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır. Hər bir vətənpərvər vətəndaş qürur hissi ilə bunu görür. Hər bir vətəndaş, bölgələrdə yaşayan sakinlər öz işi ilə bu ümumi işimizə dəstək olurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360
avatar

Oxşar yazılar