YAP funksioneri Milli Şuranın daha layiqli namizədi ola biləcək şəxsin adını açıqlayıb
“Milli Şurada toplaşanların məqsədi layiqli vahid namizəd seçimi deyil, seçkidən istifadə edib, ordan-burdan pul qopartmaqdır. Rüstəm İbrahimbəyova alternativ olaraq Cəmil Həsənlini seçmələri də elə bu məqsəd daşıyır. Əks halda onlar özləri də başa düşürlər ki, prezident seçkilərində iştirak etmək üçün çox gecikiblər”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ötən gün Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə əlavə vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib.
S. Novruzov xatırladıb ki, seçki prosesinin, yəni namizədin sənədlərinin təqdim olunaraq təsdiq olunması və imza toplama kampaniyasını başa çatdıraraq Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərin təqdim edilməsi prosesi üçün ayrılan müddətin yarıdan çoxu arxada qalıb: “Bu baxımdan, Milli Şurada toplaşanlar yaxşı olar ki, gecikməklərini nəzərə alıb prezident seçkilərinə yox, ondan sonra gələn bələdiyyə seçkilərinə hazırlaşsınlar”.
YAP rəsmisi qeyd edib ki, ümumiyyətlə heç vaxt Milli Şura adından namizədlik irəli sürülə bilməz: “Onların yaydıqları bu informasiya tamamilə anormal bir şeydir, necə ki, fəaliyyətləri anormaldır”.
YAP rəsmisi müxalifətin Milli Şura adından iki namizədin təqdim olunmasına isə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindən nümunə gətirib: “Bunlar bir qurum adından müxalifətin iki namizədini irəli sürməklə göstərirlər ki, Üzeyir bəyin əsərində olduğu kimi, qızın iki adaxlısı var. Amma qanunvericiliyə görə namizəd ya siyasi partiya, ya da siyasi partiyanın təmsil olunduğu blok tərəfindən irəli sürülə bilər. Nə Cəmil Həsənli, nə də Rüstəm İbrahimbəyov bunların heç birində yoxdur. Ona görə də onlar Milli Şura adından yox, öz şəxsi təşəbbüsləri ilə namizədliklərini verə bilərlər, əgər çatdırsalar...”
S. Novruzov bir müddət əvvəl R. İbrahimbəyovun, daha sonra isə daha layiqli namizəd kimi C. Həsənlinin namizədliyinin elan edilməsini Milli Şuranın növbəti saxtakarlığı adlandırıb: “İndi müxalif düşərgə haray salır ki, Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan daha layiqli, daha iddialı namizəddir. Bəs onda niyə Cəmil Həsənlini əvvəldən seçmirdilər? Bütün bunlardan görünür ki, orada toplaşanların məqsədi seçkidə normal iştirak etmək deyil. Onlar layiqli namizəd axtarırdılarsa yazıçı, daha çox müxalifətçi olan, tanınmış ədib Sabir Rüstəmxanlının namizədliyinin üzərində dayanaydılar. Sabir Rüstəmxanlı onların namizədlərindən daha tanınmış, daha təcrübəlidir, kitabları da daha yüksək tirajla nəşr olunur”.
YAP funksioneri bildirib ki, bütün hallarda Milli Şuranın istənilən namizədini rəqib görmürlər: “Xalqın öz seçimi var, bu da bizim namizəddir. Milli Şurada toplaşanlar isə gecikdikləri seçki ilə baş qatmaqdansa, növbəti bələdiyyə seçkilərinə hazırlaşsınlar”.