Azərbaycanın 12 minə yaxın vətəndaşı oktyabrın 9-da ölkə xaricində səs verə biləcək. Azərbaycanın xaricdəki diplomatik missiyalarında bu məqsədlə 38 seçki məntəqəsi yaradılıb. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
E. Abdullayev bildirib ki, Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycanın bir sıra dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılıb və bu məntəqələr Yasamal rayonundakı 15-ci, 16-cı və 17-ci seçki dairələrinin ərazisinə aiddir: “Seçki bülletenləri, protokollar xaricdəki bütün məntəqələrə göndərilib. Onlar MSK və XİN tərəfindən lazımi təlimatları alıblar”.
Diplomatik missiyalarda yaradılmış məntəqələrdə ümumən 12 minə yaxın Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Ən çox seçici MDB ölkələrində qeydə alınıb.
Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq diplomatik missiyada seçki məntəqəsi o halda yaradılır ki, orada azı 50 seçici qeydiyyatdan keçmiş olsun.