Siyasi partiyanın Azərbaycandan kənarda istənilən növ hesab açmasına görə cərimə tətbiq ediləcək.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Bu xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin, layihəyə əsasən, “Siyasi partiyalar haqqında" qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən)və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.