APA-nın baş direktoru Avropa Şurasında görüşləri davam edir
29 may 2009 10:45 (UTC +04:00)

APA-nın baş direktoru Avropa Şurasında görüşləri davam edir

Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızının Avropa Şurasında (AŞ) görüşləri davam edir.

APA-nın Avropa bürosunun məlumatına görə, bu gün o, AŞ-nin Kommunikasiya Direktorluğu mətbuat katiblərinin rəhbəri Allun Dreyklə görüşüb. Görüşdə Azərbaycanda mətbuatın vəziyyəti, AŞ ilə Azərbaycan mətbuatı arasında münasibətlər və digər məsələlər müzakirə olunub. A. Dreyk bütün dünyada mətbuat və söz azadlığının, insan haqları və demokratiyanın vəziyyətinin mühüm amil olduğunu qeyd edib.

Azərbaycanda mətbuatın vəziyyətindən xəbərdar olduğunu deyən A. Dreyk APA-nın AŞ-də ofisinin açıqlamasını vacib hadisə kimi qiymətləndirib: “Azərbaycan Cənubi Qafqazda və bütünlüklə MDB məkanında önəmli ölkə olduğu üçün biz namizədlər arasından məhz Azərbaycan təmsilçisini seçdik. Təbii ki, bu seçimdə APA-nın uğurları - bir neçə dildə operativ məlumatlar, video-görüntülü xəbərlər yayması və digər faktorların da mühüm rolu olub”.

Mətbuatla sıx əməkdaşlıq etmək niyyətində olduqlarının söyləyən A. Dreyk APA ilə pulsuz video-foto görüntü mübadiləsinə dair razılığın əldə edilməsinin da mühüm hal kimi qiymətləndirib.

Öz növbəsində, V. Mahirqızı da AŞ strukturları, o cümlədən Kommunikasiya Direktorluğu ilə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını deyib, bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb.

V. Mahirqızı bu gün Avropa İnsan Haqları Məhkəməsinin mətbuat katibi Stefano Piedimonte ilə də görüşüb. AŞ-də APA-nın ofisinin açılmasını yüksək qiymətləndirən S. Piedimonte bunu mətbuatla daha yaxından əməkdaşlıq etmək baxımından vacib hadisə adlandırıb.

Avropa İnsan Haqları Məhkəməsinin mahiyyətinin başa salınmasına ehtiyac olduğunu söyləyən S. Predimonte Qərbi Avropada bunun indi-indi anlaşıldığını diqqətə çatdırıb: “Avropa Məhkəməsinin mahiyyətinin başa salınması üçün maariflənmə işlərinin aparılmasına ehtiyac var. Azərbaycanda da bu istiqamətdə maarifləndirmə işinin aparılması üçün APA-nın Avropa Şurasındakı ofisi ilə daha yaxından əməkdaşlıq etməyi düşünürük. Avropa Məhkəməsi ümumilikdə yeni iş prinsipinə keçməyi düşünür ki, buraya da media ilə əlaqələri gücləndirmək daxildir. Bundan başqa, biz APA ilə əməkdaşlıqda ona görə maraqlıyıq ki, bu agentlik Avropa Məhkəməsinin qərarlarını olduğunu kimi, heç bir əlavə şərhlər olmadan, hüququn tələb etdiyi şəkildə yayır”.

Öz növbəsində, V. Mahirqızı APA-nın Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığa böyük önəm verdiyini, məhkəmənin mahiyyətinə dair maarifçilik işinin aparılmasında agentliyinin üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu qeyd edib.

V. Mahirqızının bu gün Strasburqdakı “Azərbaycan Evi”nin rəhbəri Mustafa Alınca ilə də görüşü nəzərdə tutulur.

Qeyd edək ki, səfər AŞ-nin Kommunikasiya Direktorluğunun dəvəti ilə həyata keçirilir.

Onu da əlavə edək ki, APA MDB məkanından AŞ-da ofislə təmin olunan ilk və yeganə agentlikdir. Şurada Türkiyənin NTV kanalı, “Reuters”, “Frans-Press”, ANSA, dpa kimi dünyada və müxtəlif regionlarda tanınmış 13 media qurumunun ofisi var ki, onlardan da biri APA-dır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar