Cankorel: “Azərbaycan mətbuatının çox inkişaf etməsi lazımdır”
20 may 2009 11:15 (UTC +04:00)

Cankorel: “Azərbaycan mətbuatının çox inkişaf etməsi lazımdır”

- Siz milliyətcə türk, müavininiz isə əslən azərbaycanlıdır. Bu təyinatlar təsadüfdür, yoxsa siyasi qərardır?

- Bu, tamamilə təsadüfdür. Bilirsiniz ki, ATƏT-də bütün təyinatlar tam şəffaf şəkildə olur. Bu təyinatlar hər kəsin bildiyi, hər kəsin müdaxilə etdiyi bir proses nəticəsində gerçəkləşir. Bu zaman daha çox professional keyfiyyətlər önə çıxır. Təbii ki, bu ölkəni tanımaq, dərin məlumata sahib olmaq da üstün cəhətdir. Amma bizim milliyyətimizlə bu təyinatın bir əlaqəsi yoxdur.

- Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirir?

- Ölkəniz buna səy göstərir. Azərbaycan uzun illərdən bəri ATƏT-in iştirakçı üzvüdür. Bir çox layihə həyata keçirilib. Vyanada hər ölkə ilə bağlı olduğu kimi Azərbaycanla əlaqədar məsələləri də gündəmə gəlib. Azərbaycanın Vyanadakı daimi nümayəndəliyi də çox aktivdir. Yavaş-yavaş, tədricən bir proses daxilində Azərbaycan gənc demokratiya olması səbəbindən çatışmayan cəhətləri aradan qaldırmaq istiqamətində ATƏT-in də dəstəyi ilə demokratikləşmə yolundadır.

- ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birlikdə Azərbaycan dövlət qurumlarının mətbuat xidmətlərinin işi ilə bağlı layihə işləyirdi. Vahid informasiya və kommunikasiya strategiyası yaratmaq məsələsi nə yerdədir?

- İndi bu məsələ araşdırma mərhələsindədir. Vahid informasiya və kommunikasiya strategiyası yaxşı layihədir. Hazırda onun ehtiyacını təsbit etməyə çalışırıq, sonra bu məsələni hökumətlə danışacağıq. Təsbit ediləndən sonra ona əsasən layihəyə başlayacağıq. Bu layihə hökumətin və hökumət dairələrinin sözçülərini təşviq etmək məqsədi daşıyır. Həmçinin həmin sözçülərlə media arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi var. Tərəflərin qarşılıqlı məlumat axınını və şəffaflığı təmin etmək, bir-birlərinə olan inamlarını artırmaq lazımdır. Bu münasibətlərin qurulmasını daha sıx şəklə salmaq əsas məqsədlərimizdən biridir. Bunu yaxın zamanda edəcəyik.

- İlin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Sizin ofisin bu seçkiləri müşahidə etməyəcəyini bilirik. Bəs seçki prosesini təkmilləşdirmək istiqamətində Azərbaycana hansısa texniki yardım edəcəkmi?

- Bəli, söylədiyiniz kimi ATƏT bu seçkiləri izləmir. Azərbaycan tərəfindən müraciət olsa, bu müraciət nəzərə alınar. Ancaq normal olaraq bələdiyyə seçkilərini izləmirik. Yerli müşahidəçiləri maarifləndirmək sahəsində layihələrimiz var. Bu baxımdan bir texniki dəstək vermək niyyətimiz mövcuddur.

- Ofisinizin həyata keçirdiyi ictimai polis layihəsinin məqsədi nədir, onun əhatə dairəsi genişləndiriləcəkmi?

- Bu, bizim mühüm və uğurlu layihələrimizdən biridir. Bunun məqsədi də polislə xalq arasındakı dialoqu, qarşılıqlı inamı artırmaq və cinayəti yaradan səbəblərin qarşısını almağa çalışmaq, cinayətlərin sayını azaltmaqdır. Bu layihənin icrasına Bakıda start verilib, sonra layihə digər şəhərlərdə tətbiq olunub. Məsələn, mənə Mingəçevirdən bir misal göstərdilər. Həmin şəhərdə cinayətlərin sayında 50 faizədək azalma olub. Bu gözəl nəticələrin bizim layihə ilə əlaqəsinin olub-olmadığını bilmirəm. Ancaq mütləq cinayəti yaradan səbəblərin qarşısını almaq mümkündür. Bu, modern bir mexanizmdir. Bütün dünyada bu mexanizmdən istifadə olunub. Mən bilirəm ki, 2-3 il əvvəl Türkiyədə də ictimai polis layihəsinin icrasına başlanılıb. Bu yeni mexanizmi biz Azərbaycana da gətirmək istəmişik. Ofisimiz bu məsələdə uğurlu fəaliyyət göstərib. Daxili İşlər Nazirliyi ilə bu məsələdə yaxın iş birliyimiz var, əməkdaşlıq edirik və bu əməkdaşlıqdan razıyıq.

- Müvəqqəti saxlama yerlərinin monitorinqinə başlamısınızmı? Bununla bağlı hesabat ictimaiyyətə nə zaman açıqlanacaq?

- Bu, daimi olacaq. Bu sahədə də Ədliyyə Nazirliyi ilə əməkdaşlığımız davam edir. Yüksək səviyyəli əməkdaşlığımız var. Bu monitorinq təqsirləndirilən şəxslərin, məhkumların saxlama yerlərinin, həbsxanalarının dünya standartlarına uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir. Yəni həmin şəxslərə qarşı alçaldıcı davranış, pis rəftar, işgəncə olmayacaq. Onlara özlərini müdafiə etmək imkanı veriləcək. Monitorinq aparırıq, arabir nümayəndələrimiz həmin yerlərə baxış keçirirlər. Bu məsələdə də hökumət dairələrindən dəstək görürük.

- Avropa İttifaqı da Azərbaycanda da məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı böyük bir layihə həyata keçirir. Bu layihədə sizin ofis də iştirak edirmi?

- Azərbaycanın bir çox rayonunda məhkəmələrin monitorinqini aparırıq. Bunların nəticəsində hesabat hazırlanır və bizə təqdim olunur. Həmin hesabatlara uyğun olaraq, nəticə çıxaracağıq. Təxminən ayda bir dəfə bizim mütəxəssislər Ədliyyə Nazirliyinin nümayəndələri ilə həmin hesabatları müzakirə edirlər. Bu layihə də önəmlidir, təməli yaxşı qoyulub. Vəkillərə, dövlət ittihamçılarına, müstəntiqlərə, hakimlərə treninqlər keçirilir. Treninqlərdə səhnələşdirilmiş məhkəmə prosesləri göstərilir.

- Azərbaycanda olduğunuz müddətdə buradakı siyasi partiyalar və QHT-lərlə görüş keçiribsinizmi? Onların fəaliyyəti haqqında hansı fikirdəsiniz?

- Bu işə hələ yeni başlayıram. Hələlik bütün nazirlərlə görüşmək imkanım olmayıb. Dünən iqtidar partiyasının rəhbərliyi ilə görüşmək imkanım olub. Bundan sonra müxalifət və digər partiyaları ilə görüşəcəyəm. Siyasi partiyalarla daha çox seçkiyə dair layihələrimiz var. Yəni seçicilərin daha şüurlu şəkildə səs verməsi, səs verərkən daha çox məlumata sahib olması məsələləri var. Bir də seçki prosesini müşahidə edənlərin məlumatlandırılması məsələsi var. Bu sahədə treninqlər aparırıq.

- Azərbaycan mətbuatın vəziyyəti haqqında hansı fikirdəsiniz?

- Azərbaycan mətbuatının çox inkişaf etməsi lazımdır. Burada böyük qəzet görməmişəm. Televiziya kanalları var. Ancaq onların da özlərini inkişaf etdirməyə səy göstərdiklərini görürəm. Biz jurnalistlərin təhsili ilə bağlı bəzi layihələr həyata keçiririk. Bu prosesi jurnalistin əvvəldən sona qədər təhsil almasını ATƏT öz üzərinə götürə bilməz. Amma bu məsələdə zehni dəyişikliklər edilməsi, təhsilin daha yüksək səviyyədəki standartlara uyğunlaşdırılması sahəsində layihələr həyata keçirəcəyik. Azərbaycan xalqının məlumat almaq hüququndan istifadə edə bilməsi və fikir azadlığını ifadə edə bilməsi mətbuat vasitəsi ilə mümkündür. Həm mətbuatın səviyyəsini yüksəldilməsi, modernləşdirilməsi, həm də dövlətlə media arasındakı məlumat axınını təmin olunması çox mühümdür. Məsələyə bu prizmadan baxırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar