İran indi də Hirkan iddiası irəli sürdü
30 noyabr 2010 20:13 (UTC +04:00)

İran indi də Hirkan iddiası irəli sürdü

Lent.az-ın «Panorama.am»-a istinadən məlumatına görə, İranın dövlət rəsmisi Azərbaycan Respublikasının Hirkan dövlət qoruğuna dair əsassız iddia ilə çıxış edib.

Bu haqda İslam Respublikasının Şimal meşələrini mühafizə təşkilatının sədri Əlövsət Müntəziri Şimali Gurqan şəhərində ətraf mühitin qorunması toplantısında çıxışı zamanı bəyanat verib. Onun sözlərinə görə, bu meşəlik İranın təbii irs fondu kimi qeydiyyata alınmalıdır.

«Azərbaycanın Hirkandakı bir neçə meşə də daxil olmaqla 23 min hektar meşəsi var. Azərbaycanın səfiri tələb edib ki, Şimali Hirkan Azərbaycan adına qeydiyyatdan keçirilsin. Bİz buna yol verməməliyik, həmin meşəlik İranın təbii irsi kimi qeydə alınmalıdır. Həmin ərazidə sənayenin inkişafı üçün meşədəki palıdları qıraraq, Fransaya aparırlar. Bu isə ölkəmizin şimal meşələrinə ciddi zərbə vurur».
Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Prezidentinin 81 №-li Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb.

Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.

Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053

Oxşar yazılar